Rəşad Sadıqov: Seltik mərhələ keçməyə layiq idi
Azərbaycan çempionu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya "Seltik"inə qarşı keçirdikləri cavab matçını (0:0, ilk oyun 0:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
- Oyun gərgin mübarizə şəraitində keçdi. Son saniyələrə kimi mübarizə apardıq. Qol vurmağı çox istəyirdik. Amma alınmadı. Nə etmək olar? Növbəti mərhələyə rəqibimiz adladı. Birinci hissədə yaxşı oynadıq. İkinci hissə isə çətin alındı. Rəqib daha çox pressinq tətbiq etməyə başladığından, oyun çətinləşdi. Onlar da qazonun pis vəziyyətdə olmasından xəbərdar idilər. İstənilən halda oyuna nəzarət edən biz idik. Sadəcə, qol vurmağı bacarmadıq. "Seltik" elə komandadır ki, onlara qarşı açıq futbol sərgiləmək olmaz. Heyətində ustalıq səviyyəsi yüksək olan xeyli futbolçu var. Ona görə də hücuma daha böyük qüvvə ilə keçə bilmirdik. Hücuma çıxarkən top itirəndə onların necə təhlükəli əks-hücumlar təşkil etdiyini hamı gördü.
- Sizcə, "Qarabağ"ın ÇL-də mübarizəni dayandırmasının əsas səbəbi nədir?
- Mənim fikrimcə, biz bu dueli hələ Qlazqodakı oyunda uduzmuşduq. Çünki orada rəqibin böyük təzyiqi ilə üzləşdik. Amma ikinci hissədə oyuna nəzarəti ələ keçirdik. 75-ci dəqiqədən sonra isə "Seltik" ümumiyyətlə müdafiədə oturmuşdu. Bakıda da eyni ssenari təkrarlandı. İlk oyunda hər şeyi künc zərbəsindən buraxdığımız qol korladı. Şotlandlar Bakıda da müdafiə futbolu oynamaqla lazım olan heç-heçəni əldə etdilər.
- Künc zərbəsi zamanı ev tapşırığından yararlansanız da, sizin zərbəniz yaxşı alınmadı...
- Top yerə toxunaraq səkdiyindən, yaxşı zərbə vura bilmədim. Yerlə gəlsəydi, daha yaxşı olardı. Məşqlərdə bu ev tapşırığı üzərində çalışmşdıq. Zərbələr də yaxşı alınmışdı. Sadəcə, oyun zamanı top ayağıma yaxşı oturmadı.
- Qazonun durumu oyununuza təsir göstərdi?
- Mən bu barədə danışmaq belə istəmirəm. Özümüzə bəraət qazandırmaq fikrim yoxdur. "Seltik" layiqli şəkildə növbəti mərhələyə adladı.
