Qara Qarayev: Qarabağ bu gün həm Seltikə, həm də qazona qarşı oynadı
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubuna qarşı keçirdikləri cavab matçından (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Matça yaxşı hazırlaşmışdıq. Çətin olacağını bilirdik. Fikrimcə, qazonun keyfiyyətsizliyinə baxmayaraq, yaxşı oynadıq. "Seltik" gözlədiyimdən zəif oynadı. Elə futbolçuları da gözlədiyim kimi hərəkət etmədilər.
- Niyə rəqib futbolçularla tez-tez mübahisə edirdiniz?
- "Seltik"i daha səviyyəli komanda hesab edirdim. Amma onlar bu gün meydanda futboldan başqa hər şeyi göstərdilər. Sözlə təxribata çəkirdilər. Biz səhv ötürmə verən kimi arxamızca qaçıb bizə gülürdülər, bizi əsəbləşdirməyə çalışırdılar. Tez-tez ayağımıza qəsdən zərbə endirirdilər.
- Daha çox hansı futbolçular belə edirdi?
- Kapitanları. Bu oyunadə "Seltik"ə simpatiyam var idi. Amma bu oyundan sonra onlar yadımda heç də xoş xatirələrlə qalmayacaqlar. Bundan sonra onlara heç vaxt azarkeşlik etməyəcəyəm.
- Qazonla bağlı çox söz-söhbət yarandı...
- Həqiqətən, qazon bu gün oyunumuza çox təsir etdi. Biz bu gün həm "Seltik"ə, həm də qazona qarşı oynadıq. Buna baxmayaraq, hücumçularımız qol vəziyyətləri yarada bildilər. Stadionda möhtəşəm atmosfer var idi. Biz də yaxşı oynadıq. Azarkeşlərə təşəkkürümü bildirirəm ki, bizi sonadək dəstəklədilər.
- Yaxşı qazon olsaydı, nəticə fərqli ola bilərdi?
- Bizim üstünlüyümüz nədədir? İlk oyun Bakıda keçirilsəydi, yaxşı qazon üzərində baş tutan oyunun necə nəticələnəcəyini heç kim deyə bilməzdi. Şotlandiyada biz "Seltik"in azarkeşlərinə qarşı da oynadıq. Ev oyununda isə biz doğma meydan amilindən yararlana bilmədik.
- Yeni transferlərin hələ tam uyğunlaşmadığını demək olar?
- Bəli, bizdən gedən futbolçular oldu. Bunlar hamısı oyunumuza təsir edir. Ümid edirəm ki, bundan sonra daha yaxşı olacaq. Bu gün alınmadı, sabah alınacaq.
