Rauf Əliyev: Atletiki keçməyimiz üçün mükafat yoxdur, amma buna nail olmağımız möcüzə olardı
"İnter"in hücumçusu Rauf Əliyev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları İspaniya "Atletik"i ilə cavab oyununa komandasının çıxmaq istəməməsinə dair şayiələrə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maliyyə vəziyyətinə görə belə söhbətlər var idi. Amma komandanın cavab matçına çıxıb-çıxmayacağına dair konkret heç nə deyə bilmərəm. Çünki özüm də bu barədə çox şey bilmirəm. Növbəti mərhələyə adlasaq, mükafat olmayacaq. Şübhəsiz ki, "Atletik"i keçməyimiz möcüzə olardı".
"Öz oyunumuzu sərgiləyəcəyik. Nəticə barədə düşünmək bir qədər çətindir. Çünki ilk oyunda 0:2 hesabıyla uduzmuşuq. Rəqib isə sıradan bir komanda yox, "Atletik"dir. Çox çətindir. Amma biz əlimizdən gələni edəcəyik. Lakin "Atletik"i keçəcəyimizi desəm, düz çıxmaz. Bəlkə də rəqib başqa komanda olsaydı, belə danışmaq olardı. Amma bizə çox çətin rəqib düşüb".
