31 iyul 2015 16:45
Rəvan Kalonası da geri qaytarır
Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Rəvan" daha bir sabiq futbolçusunu geri qaytarmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, söhbət litvalı hücumçu Mindauqas Kalonasdan gedir.
Qeyd edək ki, bu futbolçunu 2013-cü ildə Azərbaycana məhz "Rəvan" gətirmişdi. Bu komandada cəmi 13 oyun keçirməklə 8 qola imza atan forvard "Bakı"dan gələn təklifi qəbul edərək, digər paytaxt klubuna keçmişdi. Daha sonra "Simurq"da da az müddət icarədə çıxış edən Kalonas 2014-cü ildə Azərbaycanı tərk edəndən bəri İsrailin "Hapoel" (Hayfa), Latviyanın "Skonto" klublarında oynayıb.
Artıq tərəflərin bu transferlə bağlı razılığa gəldiyi bildirilir. Yaxın günlərdə komandanın düşərgəsinə gələcək Kalonas "Rəvan"la müqavilə imzalayacaq.
