Zaur Svanadze: Ronaldo və Messiyə qarşı oynayan futbolçulara qarşı çıxış etmək hamıya çətindir
"İnter"in baş məşqçisi Zaur Svanadze Bilbao şəhərində azerisport.az saytının suallarına cavab verib.
- Futbolçularda son oyundan sonra yorğunluq hiss olunur?
- İslandiya klubuyla ev oyunundan sonra futbolçulara iki gün istirahət vermişdim. Fikrimcə, yorğunluq yoxdur. Son günlər məşqlər intensivləşib. Bütün diqqətlər üçüncü seçmə mərhələnin oyununa yönəlib. "Atletik" adi rəqib deyil. Bu mənada başa düşürük ki, çətin səfər oyunumuz olacaq.
- Demək olar ki, püşkdə bəxtiniz gətirmədi?
- Bu fikirlə razı deyiləm. Hərdən belə komandalara qarşı oynamaq faydalıdır. "Atletik" Avropada tanınan klublardan biridir. Bu oyun klubumuz üçün önəmlidir. Üstəlik, futbolçular böyük təcrübə toplayacaq. Digər tərəfdən hər iki oyun Avropa mediasının diqqətində olacaq. Bu oyunlarda nəyə qadir olduğumuzu göstərmək mümkün olacaq. Əsas layiqli oyun göstərməkdir.
- "Atletik" görüşün favoritidir. "İnter" hansı nəticəyə ümid edə bilər?
- İspaniya klubu görüşün favoriti olsa belə, bizim təslim olmaq fikrimiz yoxdur. Futbolçulara demişəm ki, nəyə qadir olduğunuzu göstərin. Onlar üçün fürsətdir. Qoy ən yaxşı oyunlarını göstərməklə diqqəti cəlb etsinlər. "Atletik" İspaniya çempionatı kimi güclü turnirdə iştirak edir. Hər il Messi və Ronaldo kimi futbolçulara qarşı oynayırlar. Amma bu, bizi qorxutmur.
- Demək olar ki, "İnter"in itiriləsi heç nəyi yoxdur?
- Doğrudan bu gün komandamızın itiriləsi heç nə yoxdur. Mövcud problemlərlə iki mərhələ keçmişik və indi dayanmaq barədə düşünmürük. Rəqib güclü olsa belə, "İnter" yaxşı və layiqli oyun sərgiləmək istəyir. Komandama və futbolçulara inanıram. İyunun 15-də "İnter"in baş məşqçisi olmaq təklif olunanda ağlıma gəlməzdi ki, bu gün Bilbaoda məşqə çıxacağıq.
- Siz həmin zaman risk edərək "İnter"də işləməyə razılaşdınız...
- "İnter" bir komandadır. Rəhbərlik, məşqçilər, futbolçular hamısının hədəfi futbolla bağlıdır. İnanın, kluba baş məşqçi təyin olunanda heç bir mərhələ keçəcəyimizi düşünmürdüm. İlk məşqdə əvəzedici heyətdən 5 futbolçu və Georgi Lomaya var idi. Amma baxın indiki vəziyyətə, bu gün biz iki mərhələ keçdik. "Atletik" kimi güclü komanda oyun üçün Bakıya gələcək. Futbolçularım bu mərhələdə oynamağa layiqdirlər.
- Son oyunla müqayisədə heyətdə dəyişiklik olacaq?
- Bilbaodakı matçda heyətimizdə bəzi dəyişikliklər olacaq. Cüzi əvəzetmələr planlaşdırıram. Bilbaoda iki məşqçimiz olacaq, ona görə oyuna tam hazır olacağıq. Çalışmalıyıq Bakıya yaxşı nəticəylə qayıdaq.
- Səfərdə müdafiədən oynamaq daha düzgün olar. Siz necə düşünürsünüz?
- "Atletik" kimi komandalar onların meydanında rəqibə hücum oynamağa icazə vermir. İstənilən rəqib onlarla ehtiyatlı olur. Buna görə bizim öz düşüncəmiz var. Matç ərəfəsində istəməzdim necə oynayacağımızı söyləyim. Hər an taktikada dəyişiklik ola bilər. Vacib olan məqam futbolçuların özünəinamıdır.
- "Atletik" haqda bütün lazımi informasiyaları toplaya bilmisiniz?
- Bilbao komandası hamıya məlum rəqibdir. İki yoxlama görüşü keçiriblər. Onlardan birinə baxmışam. Üstəlik, məndə olan məlumata görə iki futbolçusu zədəlidir. Biri hücumçudur. Sözsüz ki, onların heyətində yaxşı futbolçular çoxdur. Əsas odur ki, biz onlardan çəkinməyək.
- Karyeranızda ən vacib oyuna çıxacaqsınız, demək olar?
- Məşqçilik karyeramda ən vacib oyunlardan birinə. "Atletik" kimi komandaya qarşı oyun futbolçularımıza çox şey verə bilər. Bu gün iki mərhələ keçdikdən sonra biz heç nə itirmirik. Ona görə rahat oynamalıyıq. Səhvlər olmaz, ani səhv rəqibə kömək edəcək.
