Cavid Hüseynov: Matçın sonunda bir-birimizi yaxşı başa düşmürdük
"Qəbələ"nin kapitanı Cavid Hüseynov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "Çukariçki" klubuna qarşı keçirilmiş cavab oyunundan (2:0, ilk oyun 0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Serblərlə oyunla bağlı fikirlərinizi bilmək istərdik...
- İndi nəsə deyəcəyəm, insanlar düşünəcəkər ki, qələbə qazandığımıza görə belə deyirəm. Amma hələ Belqraddakı matçdan öncə də demişdim ki, qazon ideal vəziyyətdə deyil. Hətta paltardəyişmə otağı da çox pis vəziyyətdə idi. Baxmayaraq ki, oyuna sakit vəziyyətdə çıxmışdıq. "Çukariçki" isə xarakter nümayiş etdirdi. Onlar bizdən yaxşı futbol göstərmədilər. Atletik, kombinasiyalı futbola üstünlük verirdilər. Bu komandadan daha güclü olduğumuzu bilirdim. Azarkeşlər də sağ olsunlar ki, bizi sonadək dəstəklədilər.
- Serbləri Bakıda qəbul etməyiniz problem yaratmadı?
- Qəbələdə daha çox oynadığımızdan yerli hava şəraitinə uyğunlaşmışdıq. Amma Bakının havasına o qədər də alışqan deyilik. Bu da müəyyən çətinliklər yaradırdı. Meydanda daha çox hərəkət etməli olurduq ki, bu da istər-istəməz yorğunluğa səbəb olurdu.
- Bir neçə dəfə Aleksey Antonova irad bildirdiniz. Sonradan isə baş məşqçi Roman Qriqorçukla danışdınız...
- Son dəqiqələr gedirdi, hesabda öndə idik. Ona görə bir qədər öz cərimə meydançamıza sığınmışdıq. Son dəqiqələrdə bir-birimizi çox da yaxşı başa düşmürdük. Ona ya bizə yaxın oynamağı, ya da rəqibə mane olmağı söylədim.
- Üçüncü təsnifat mərhələsindəki rəqibiniz - Kipr "Apollon"u barədə nə düşünürsünüz?
- Onların haqqında hələ heç bir informasiyam yoxdur.
