Aleksey Antonov: Mükafat? Belə bir sirri sizə necə açıqlaya bilərəm?
"Qəbələ"nin hücumçusu Aleksey Antonov Avropa Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" klubuna qarşı keçirilmiş cavab oyunundan (2:0, ilk oyun 0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matç barədə nə deyə bilərsiniz?
- Əlbəttə, oyun bizim üçün çox uğurlu alındı. Ona görə də qələbə qazandıq. Buna görə hamımız çox sevincliyik. "Qəbələ" üçün də bu, tarixi bir nəticədir. Allah eləsin ki, bu, sonuncu uğurumuz olmasın.
- Belqradda və Bakıda oynayan "Qəbələ" arasında çox böyük fərq vardı...
- Yəqin ki, azarkeş amili oyunumuza böyük təsir göstərir. "Dinamo" ilə oyunlarda da oxşar ssenari olmuşdu. Səfərdə pis oynadıq, evdə isə yaxşı oyun sərgiləyib, qalib gəldik, mərhələ keçdik. Gürcüləri keçməyimizdə də azarkeşlərin rolu böyük olmuşdu.
- Sergey Zenyovun iki qol vuracağını gözləyirdiniz?
- Niyə də yox? Qolu istənilən futbolçudan gözləmək olar. Əsas odur ki, komanda qalib gəldi, mərhələ keçdi. Kimin qol vurmasının o qədər də fərqi yoxdur.
- 90 dəqiqə ərzində qələbə qazanacağınızı gözləyirdiniz?
- Növbəti mərhələyə vəsiqə qazanmaq üçün 1:0-ın yetərli olmayacağını bilirdik. Əlavə vaxt olacağı təqdirdə bizim üçün hər şeyin yaxşı nəticələnməsinin çətin olacağını da anlayırdıq. İş hətta penaltilərə də qədər uzana bilərdi. O zaman kimin sevinəcəyini demək bir qədər çətindir. Ona görə də cütün taleyini 90 dəqiqə ərzində həll etmək istəyirdik. Biz üçüncü qolu vurmağa da çalışırdıq. Çünki rəqibin vuracağı bir qol hər şeyi dəyişə bilərdi.
- Klub prezidenti Tale Heydərov oyundan sonra sizə nə qədər mükafat söz verdi?
- Xeyr, bunu açıqlaya bilmərəm (gülür). Axı biz komandayıq, bu da komandadaxili bir sirrdir. Bu sirri necə sizə açıqlaya bilərəm?
- Qarşıda Kipr "Apollon"u ilə oyun var. Bu komanda ilə oyunlarda sizdən nə gözləyək?
- Bir az dincələk, sonra növbəti rəqib haqda düşünərik (gülür). Əlbəttə, onlar haqda mümkün qədər çox informasiya toplamağa çalışacağıq, oyunlarını analiz edəcəyik. "Apollon"la matçlara ciddi hazırlaşacağıq.
