Tale Heydərov: Qəbələnin futbolçuları mükafata layiq idilər
"Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesabıyla qalib gəldiyi qarşılaşmadan (ilk oyun 0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Rəqibin vuracağı bir qol hər şeyi korlaya bilərdi. Bunu nəzərə alsaq, həyəcan keçirirdiniz?
- Şübhəsiz ki, həyəcan var idi. Bu da normaldır. Amma şadam ki, komandamız növbəti mərhələyə vəsiqə qazanmağı bacardı. "Qəbələ" ilk dəfədir belə bir uğura imza atır. Ona görə bu qələbəmizə daha çox sevinirəm.
- Komandanın oyununda nədənsə narazı qaldınız?
- Müəyyən səhvlər var idi. Amma bu da normaldır. Komandada xeyli yeni futbolçu var. Onların tam uyğunlaşması üçün isə vaxt lazımdır. Komanda hər oyunda daha yaxşı çıxış etməyə çalışmalıdır. O zaman səhvlər də azalacaq. Lakin bu gün əminliklə demək olar ki, biz "Çukariçki"dən yaxşı oynadıq. Hesab edirəm ki, bundan sonra daha yaxşı oynayacağıq.
- Üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmaq "Qəbələ" üçün maksimumdur, ya irəliləmək olar?
- Siz komandanın, oyunçuların, məşqçilərin potensialını bilirsiniz. Rəhbərlik də hər zaman onları dəstəkləyir. Bütün bunları nəzərə alsaq, yenə mərhələ adlamaq üçün potensialımızın olduğunu demək olar. Komandanı maksimum gücləndirməklə daha böyük uğurlara imza atmaq olar.
- Paltardəyişmə otağına daxil oldunuz. Futbolçulara yaxşı mükafat ayırdığınızı demək olar?
- Bəli, futbolçular mükafat alacaqlar. Çünki klub ilk dəfədir belə bir uğura imza atır. Onlar bu mükafatı haqq edirdilər.
