Svanadze: İnterin belə vəziyyətdə üçüncü mərhələyə çıxması böyük uğurdur
"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan qarşılaşmadan (ilk oyun 2:1) sonra bunları söyləyib:
"Çox çətin oyun alındı. Əlbəttə, çətin olacağını gözləyirdik, amma bu dərəcədə yox. İkinci hissədəki oyunumuzdan çox narazıyam. Rəqibə iki qolu heç nədən hədiyyə etdik. Ondan sonra həyəcanlanmağa başladıq. Həm bizim, həm də azarkeşlər üçün çox həyəcanlı qarşılaşma keçdi.
Artırmağımız lazımdır. "Atletik"lə oyunlar daha da çətin keçəcək. Amma mən istənilən halda uşaqlara təşəkkürümü bildirirəm. Onlar qəhrəmandırlar. Siz özünüz də hazırda klubun hansı vəziyyətdə olduğunu bilirsiniz. Biz gec toplandıq, hazırlığa gec başladıq. Ona görə də belə bir vəziyyətdə Avroliqanın üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmaq böyük uğurdur.
Komanda penalti seriyasına hazırlaşmamışdı. Çünki biz bunu ağlımıza da gətirmirdik. Hər şeyə əsas vaxtda aydınlıq gətirmək istəyirdik. Lakin alınmadı. Buraxılan ikinci qoldan sonra orta sahəni gücləndirməyə və daha çox hücumlar qurmağa çalışdıq. Çünki meydanın mərkəzini rəqibə uduzurduq. Amma rəqib futbolçunun meydandan qovulması vəziyyəti dəyişdi. Abbas Hüseynovu əzələsini dartdığına görə əvəzlədik. O, əvəzlənməsini özü xahiş etdi".
