Nika Kvekveskiri: İslandiya klubunu keçməyə borcluyuq
"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün intizamlı və diqqətli oynamalıyıq. Xüsusilə də standart vəziyyətlər zamanı. Çünki bu, "Hafnarfyordur"un əsas üstünlüyüdür. Amma biz məşqçilər korpusunun bütün tapşırıqlarına əməl etsək, hər şey yaxşı olacaq. İstənilən halda bizi ağır matç gözləyir. Hər şeyə hazırıq. Lakin mərhələ keçməyə borcluyuq. Bu, bizim əsas hədəfimizdir. Şəxsən mən komandam üçün əlimdən gələni edəcəyəm. Üç oyunda iki qola imza atmışam, bu gün də fərqlənmək istəyirəm. Düzdür, növbəti mərhələyə adlasaq, Bilbao "Atletik"i ilə qarşılaşa bilərik. Allah eləsin ki, islandlarla oyun xeyrimizə bitsin və mərhələ adlayaq. Ondan sonra İspaniya klubu ilə bağlı danışmaq olar".
