23 iyul 2015 18:30
Nedelko Vlahoviç: Qarabağ kimi komandaya iki qol vurmaq mümkünsüz idi
Çernoqoriyanın "Rudar" klubunun kapitanı Nedelko Vlahoviç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları görüşdən (ilk oyun 0:0) sonra bunları söyləyib:
"Reallıq odur ki, "Qarabağ" bizdən daha yaxşı komandadır. Biz çox çalışdıq ki, onlarla baş-başa mübarizə aparaq. Hər iki görüşdə özümüzü yaxşı tərəfdən göstərməyi də bacardıq. Amma qol buraxdıqdan sonra artıq hər şey əldən çıxmış oldu. Ruhdan düşdük. Çünki gözəl bilirdik ki, bizə iki qol vurmaq lazım gəlir. "Qarabağ" kimi komandaya qarşı bunu etmək isə mümkünsüz idi. Amma yenə də avrokubokların bu mövsümündəki çıxışımızla fəxr edə bilərik".
