Fariz Nəcəfov: Belqradda buraxılan fərdi səhvləri Bakıda təkrarlamamalıyıq
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "Çukariçki" klubu ilə cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Qarşıdakı oyundan nə gözləyirsiniz?
- Məlum olduğu kimi, Belqraddakı oyunda uduzmuşuq. Komandamız öz oyununu tapa bilmədi. Amma bu dəfə doğma meydanda çıxış edəcəyik. Bu, uşaqlar üçün əlavə stimul olacaq. İnanıram ki, komandamız özündə güc tapacaq və qələbə üçün hər şeyi edəcək. Növbəti mərhələyə vəsiqə qazanmaq bizim üçün çox vacibdir.
- UEFA-nın Qəbələdə oynamağınıza qadağa qoymasına görə komandada ruh düşkünlüyü yaranmayıb ki?
- Bir az öncə futbolçularla görüşdüm, söhbət etdik. Uşaqlar meydana çıxıb, nəyə qadir olduqlarını göstərməlidirlər. Xarakter göstərmək lazımdır. İnanıram ki, futbolçularımız lazım olan nəticəni qazana biləcəklər.
- Roman Qriqorçuk da mətbuat konfransında sizin kimi inamlı danışmışdı. Səfərdəki məğlubiyyətdən sonra sizdəki bu inam haradan qaynaqlanır?
- Mənim kimi, baş məşqçi də futbolçulara inanır, ümid bəsləyir. Tiflis "Dinamo"suna da səfərdə uduzmuşduq. Amma onlara qarşı ev oyununda komandanın necə xarakter göstərdiyini hər kəs gördü. Gürcüstanda da pis oynamamışdıq. Amma Belqradda oyunumuz qətiyyən getmədi. Bəlkə də buna səbəb "Çukariçki"nin sürətli futbol oynaması idi. Onların Sloveniya "Domjale"si ilə oyunlarını izləyəndə düşünmüşdüm ki, biz bu komandaya azı 2:0 hesabıyla qalib gələcəyik. Çünki bu komanda həmin matçlarda xüsusi oyun göstərməmişdi. "Çukariçki"nin futbolçuları bir yerdə dayanmırlar, daim hərəkətdədirlər. Biz belə rəqibə qarşı oynamamışdıq. Cavab oyununda Belqraddakı fərdi səhvləri təkrarlamamalıyıq. Azarkeş dəstəyimiz də olacaq. Çox ümidliyik.
- "Neftçi" "Bakcell Arena"da keçirdiyi avrokubok oyunlarında qələbə qazana bilmirdi. "Qəbələ" bu uğursuz gedişata son qoya biləcək?
- Mən belə şeylərə inanmıram. Heç fikir də vermirəm. Həm də unutmaq lazım deyil ki, uğur güclünün tərəfində olur. Ümidvaram ki, növbəti mərhələyə adlayan tərəf məhz biz olacağıq.
