Elmar Baxşiyev: İnter belə bir şansı əldən verməməlidir, Qəbələ isə 0:1-in əvəzini çıxa bilər
"Qəbələ"nin məşqçisi Elmar Baxşiyev Avropa Liqasında mübarizə aparan Azərbaycan klublarının şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, öncə İslandiyanın "Hafnarfyordur" klubu ilə mübarizə aparan "İnter"in şansları barədə danışıb:
"İnter" İslandiyadan sərfəli nəticə ilə qayıtmağı bacardı. Ona görə də komandamızın mərhələ adlamaq şansı yüksəkdir. Belə bir imkanı əldən vermək olmaz. Əlbəttə, "Hafnarfyordur" heç də zəif komanda deyil. Amma "İnter" ilk dəqiqələrdən sakit və təmkinli futbol oynamağı bacarsa, üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacaq".
Serbiya "Çukariçki"sinə ilk oyunda 0:1 hesabıyla uduzan "Qəbələ"nin şanslarından danışarkən, Baxşiyev bunları qeyd edib: "Cavab matçının evdə keçirildiyini nəzərə alsaq, minimal hesablı məğlubiyyətin əvəzini çıxmaq olar. Sadəcə, müdafiədə maksimum diqqətli oynamaq lazımdır. Fikrimcə, "Qəbələ" Belqraddakı ilə müqayisədə burada daha keyfiyyətli futbol sərgiləyə biləcək. Serblərlə ilk oyun göstərdi ki, onlar sürətlidirlər, müdafiədən hücuma tez keçməyi bacarırlar. Əminəm ki, baş məşqçi Roman Qriqorçuk bütün bunları nəzərə alacaq".
