Rauf Əliyev: Müdafiədə oturmaq haqda düşünmürük
"İnter"in hücumçusu Rauf Əliyev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi azerisport.az saytına müsahibə verib.
- "İnter" cavab oyununda hansı nəticəyə ümid edir?
- Oyuna yaxşı hazırlaşmışıq. Bakıda da yaxşı nəticə qazanmağa çalışacağıq. Əsas mərhələ keçməkdir.
- "İnter" ilk oyunda qələbə qazandı. Bu üstünlüyü qoruya biləcəksiniz?
- Allah eləsin ki, elə də olsun.
- İslandları keçmək üçün nə lazımdır?
- Bakıda da öz oyunumuzu sərgiləməyə çalışacağıq. Ümid edirəm ki, hər şey istədiyimiz kimi alınacaq. İslandları keçmək üçün ilk dəqiqələrdən sonadək oyuna nəzarəti öz əlimizdə saxlamalıyıq.
- "İnter" müdafiə futbolu sərgiləyəcək, ya hücum futbolu?
- Dediyim kimi, ilk növbədə öz oyunumuzu sərgiləməyə çalışacağıq. Bütün oyunu müdafiədə keçirsək, bundan yaxşı heç nə çıxmaz. Ona görə hücum etmək haqda da düşünməliyik.
- 2:1 hesablı səfər qələbəsindən sonra mərhələ keçə bilməsəniz, bunu faciə saymaq olar?
- Biz faciə barədə düşünmürük. "Hafnarfyordur" asan komanda deyil. Onlar da cavab oyununa ciddi hazırlaşırlar.
- Növbəti mərhələyə çıxsanız, Bilbao "Atletik"i ilə qarşılaşacaqsınız...
- Fikrimcə, mənim bu suala cavabım sizin üçün gözlənilməz olmayacaq. Biz hazırda "Atletiko" barədə düşünmürük. Öncə İslandiya klubunu keçmək haqda düşünməliyik. İndi bizi ancaq "Hafnarfyordur"la oyun gözləyir.
