23 iyul 2015 02:30

İnterlə Qəbələ Avroliqada növbəti sınağına çıxır

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən komandalar - "İnter"lə "Qəbələ" də növbəti sınaqlarına çıxacaqlar.

Premyer Liqanın son mövsümündə müvafiq olaraq gümüş və bürünc medallara sahib çıxan təmsilçilərimizin hər ikisi Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Paytaxt klubu Albaniya "Laçi"sini (səfərdə 1:1, evdə 0:0) keçdiyi halda, bölgə təmsilçisi Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0).

"İnter" bu mərhələdə daha güclü İslandiya "Hafnarfyordur"u ilə mübarizə aparır. Sözügedən klub Azərbaycan futbolsevərlərinə yaxşı tanışdır. 10 il öncə Çempionlar Liqasında "Neftçi"yə rəqib olan bu komanda hər iki oyunda (0:2, 1:2) məğlub olaraq, mübarizəni dayandırmışdı. Ümid edək ki, bu dəfə Avroliqa çərçivəsində baş tutacaq duellərdə də sevinən tərəf Azərbaycan klubu olacaq.

"Hafnarfyordur" 1929-cu ildə yaranıb. Bu müddət ərzində komanda 6 dəfə İslandiya çempionu olub, 2 dəfə ölkə kubokuna sahib çıxıb. 6 dəfə İslandiya Liqa Kubokunda ən güclü olan komanda elə eyni sayda da ölkə Super Kubokunu başı üzərinə qaldırıb.

Amma "Hafnarfyordur" avrokuboklarda o qədər də uğurlu çıxış edə bilmir. Klub tarixi ərzində yalnız bir dəfə (!) avrokuboklarda iki mərhələ keçə bilib. O da 11 il öncə UEFA Kubokuna təsadüf edib. Bu mövsüm isə İslandiya klubu Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində Finlandiyanın SJK klubuna həm səfərdə, həm də evdə qalib gələrək (1:0, 1:0), "İnter"ə rəqib olub.

"Hafnarfyordur" Avroliqaya ötən mövsüm gümüş medallara sahib çıxaraq vəsiqə qazanıb. Keçirdiyi 22 oyunda 51 xal qazanan komanda çempiondan sadəcə, 1 xal geri qalaraq, ikinci yerlə kifayətlənib. 15 oyunda qalib gələn komanda 6 dəfə heç-heçəyə razılaşıb, cəmi bir dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapılarından 46 top keçirən "İnter"in rəqibi öz qapısında cəmi 17 top görüb. Bu göstəricilərə görə isə "Hafnarfyordur" İslandiya çempionatının son mövsümünün rekordçusudur, yəni hamıdan çox qol vurub, hamıdan az qol buraxıb və təbii ki, ən yaxşı top fərqinə malikdir.

Maraq üçün qeyd edək ki, İslandiyada hazırda yeni mövsümün qızğın vaxtıdır. Geridə qalan 12 turda "Hafnarfyordur" 7 qələbə, 3 heç-heçə və 2 məğlubiyyətlə 24 xal toplayaraq, ikinci pillədə qərarlaşıb. Hamıdan çox (26) qol vuran "İnter"in rəqibi öz qapısında 15 top görüb.

Bu klublar arasında səfərdə keçirilmiş görüşdə "İnter" futbol ictimaiyyətinin əksəriyyətinin gözləmədiyi halda 2:1 hesablı qələbəyə sevindi. Bu üzdən də bakılıların üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmaq şansı çox böyükdür. Belə ki, ev oyununda hətta istənilən hesablı heç-heçədə Azərbaycan klubunu növbəti mərhələyə çıxaracaq. Amma həm öz, həm də Azərbaycanın reytinqini yaxşılaşdırmaq üçün "İnter"in islandları Bakıda da məğlub etməsi gözəl olardı.

"Qəbələ" isə ilk dəfə vəsiqə qazandığı Avroliqanın ikinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" komandasına qarşı mübarizə aparır. Roman Qriqorçukun komandasının rəqibi 1925-ci ildə "dünyaya göz açıb". Serbiya klubunun elə də ciddi uğurları yoxdur. Bu komanda ölkə çempionatında ən yaxşı halda iki dəfə ikinci olub. Son mövsümdə isə "Çukariçki" Serbiya kubokuna sahib çıxıb. Elə bunun sayəsində də komanda Avroliqada oynamaq hüququna yiyələnib.

Serbiya klubunun avrokuboklarda da heç bir uğuru yoxdur. Vaxtilə keçirilmiş İntertoto Kubokunu (həmin turnirdə də iki dəfə çıxış edib) nəzərə almasaq, bu komanda ikinci dəfədir ki, qitə miqyaslı yarışlarda çıxış etmək şansı əldə edib. 2014/15 mövsümündə Andorranın "Sent Culiya" klubunu (4:0, 0:0) keçən "Çukariçki" ikinci təsnifat mərhələsində Avstriya "Qrodiq"inə uduzub (0:4, 2:1). Bu mövsüm isə Sloveniya "Domjale"si serblər üçün problem yarada bilməyiblər. Səfərdə 1:0 hesabıyla qalib gəlmiş "Çukariçki" ev oyununda qolsuz heç-heçə sayəsində "Qəbələ"yə rəqib olub. Amma ümid edək ki, Serbiya klubu bu dəfə də üçüncü təsnifat mərhələsinə vəsiqə əldə edə bilməyəcək.

Bu komanda Serbiya çempionatının son mövsümündə də uğurlu çıxış edib. Keçirdiyi 30 oyunda 57 xal toplayan "Qəbələ"nin rəqibi üçüncü yeri tutub. 16 qələbə, 9 heç-heçə və 5 məğlubiyyət görən Serbiya klubu 48 qol vurub, öz qapısında 24 top görüb. Yeni mövsümə ötən həftə start verən komanda Serbiya çempionatının açılış turunda 4:0 hesablı qələbəyə sevinib. Elə "Qəbələ" ilə ev oyununda da məhz serblər 1:0 hesabıyla üstün olublar. Amma bu, Azərbaycan təmsilçisinin mərhələ adlaması üçün çox ciddi çətinlik yaratmamalıdır. "Qəbələ" bundan öncə gürcülərə qalib gəldiyi kimi, serbləri də 2 cavabsız qolla məğlub etməklə, mərhələ adlaya bilər.

Bütövlükdə, təmsilçilərimizin budəfəki rəqibləri sıradan komandalar deyil. Amma hər halda "Hafnarfyordur"la "Çukariçki" Avropanın nəhənglərindən də sayılmır və işə düzgün yanaşma, diqqətli oyun, maksimum güc sərf etməklə hər iki rəqibi mübarizədən kənarlaşdırmaq olar. Bu mənada təmsilçilərimizin cavab matçını doğma meydanda keçirməsi də üstünlük hesab oluna bilər. Necə ki, ilkin təsnifat mərhələsində də bu klublarımız məhz ev oyununda çətinliklə də olsa, tur keçməyə nail oldular. Hər halda azarkeş dəstəyi Azərbaycan təmsilçilərinə əlavə üstünlük qazandıracaq.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0.250, heç-heçə isə 0.125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 29-cu pillədədir və hesabında 11.875 reytinq xalı var. Onun 1.375 xalı cari mövsümdə qazanılıb. Bu mövsüm ölkəmizə 0.500 xalı "İnter", 0.375 xalı "Qarabağ", 0.250 xalı "Neftçi", 0.250 xalı "Qəbələ" qazandırıb. Ümid edək ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.

Klublarımıza gəlincə, "İnter" 4.375 xalla klub sıralamasında Avropanın 274-cü, "Qəbələ" isə 3.125 reytinq xalı ilə 329-cudur. Rəqiblərə gəlincə, "Hafnarfyordur" 5.725 xalla 224-cü, "Çukariçki" də 3.425 xalla 311-cidir.
 
Avropa Liqası
İkinci təsnifat mərhələsi
(cavab oyunları)
23 iyul

21:00. “Qəbələ” – “Çukariçki”
Baş hakim: Radek Prihoda (Çexiya)
Bakı. “Bakcell Arena”.
İlk oyun – 0:1.

21:00. "İnter" - "Hafnarfyordur"
Baş hakim: Yaroslav Kozık (Ukrayna)
Bakı. “İnter Arena”.
İlk oyun – 2:1.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.