Roman Qriqorçuk: Daha çox qol vurmağa köklənmişik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "Çukariçki" klubuna qarşı cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə bunları söyləyib:
- İlk oyunda bizdə heç nə alınmadı. Amma Tiflis "Dinamo"su ilə ilk qarşılaşmada da elə oldu, cavab görüşündə yüksək səviyyədə çıxış etdik. Heyətlə bağlı ciddi dəyişikliklər etməyə ehtiyac yoxdur. Yaxşı hazırlaşmalıyıq. Belqradda niyə pis oynadığımızın səbəbini bilirik. Həmin səhvləri təkrarlamamalıyıq. Baxmayaraq ki, onların bəzisi obyektiv səbəblərdən idi.
- "Dinamo" ilə oyunlar ərəfəsində fiziki hazırlıq baxımından çatışmazlıqlar olduğunu deyirdiniz. Sabahkı oyun əlavə vaxta da gedə bilər. Bu baxımdan problem yaranmayacaq?
- Biz hər şeyi 90 dəqiqə ərzində həll etmək istəyirik. "Dinamo" ilə oyunlarla müqayisədə komandanın artırdığına əminəm. Amma hələ tam istədiyim səviyyədə deyil.
- Start heyətini müəyyənləşdirmisiniz?
- Hələ tam yox. Bu gün keçirəcəyimiz son məşqdən sonra aydınlaşdıracağam.
- 11 metrlik zərbələr üzərində işləmisiniz?
- Xeyr. Hər şeyə əsas vaxtda aydınlıq gətirmək istəyirik.
- 0:1 hesablı məğlubiyyətin əvəzini çıxa biləcəksiniz?
- Vəziyyət o qədər də faciəvi deyil. Əlbəttə, minimal hesablı məğlubiyyət çətinliklər yaradır. Amma bu, psixoloji baxımdan bizə heç bir təsir göstərməyəcək. Əksinə, daha çox qol vurmağa köklənmişik.
- Doğma meydanda yox, "Bakcell Arena"da oynayacaqsınız. Bu, futbolçulara mənfi təsir etməyəcək?
- Bununla barışmalıyıq. Burada oynamağımız elə "Qəbələ" azarkeşləri üçün də yaxşı olacaq. Bu stadionda yaxşı aura var. İnanıram ki, sabah bizi dəstəkləməyə çoxlu azarkeş gələcək. Bizə onların dəstəyi lazımdır. Çünki biz onlar üçün oynayırıq.
