Bədavi Hüseynov: Qarabağ azarkeşlərinin bizdən nə gözlədiyini yaxşı bilirik
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ı ilə cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Qarabağ" cavab matçına hazırdır?
- Yaxşı məşq etmişik. Bizi heç də asan oyun gözləmir.
- Bakıda bu komandaya qol vura bilmədiniz. Səfərdə necə olacaq?
- Biz öz oyunumuzu göstərməyə davam etməliyik. Baş məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirsək, qələbə qazana bilərik. Rəqibin əsk-hücumları zamanı diqqətli oynamağımız vacibdir.
- Müdafiədən oynayacaqsınız, ya ilk dəqiqələrdən hücuma atılacaqsınız?
- Öncədən heç nə deyə bilmərəm. Buna baş məşqçi qərar verəcək.
- "Rudar" elə də güclü rəqib təsiri bağışlamır. Bu komandaya ev oyununda qalib gəlməyinizə nə mane oldu?
- Mən belə deyə bilmərəm. Çünki istənilən halda Çempionlar Liqasında asan rəqib yoxdur. Rəqibin hansı ölkəni təmsil etməsindən asılı olmayaraq, onu qiymətləndirmək lazımdır.
- "Qarabağ"ın yeni transferləri ilk oyunda yaxşı təsir bağışlamadılar. Görünür, Ağdam klubu Leroy Corcla Muarem Muaremin gedişini hələ çox hiss edəcək...
- İlk oyunda onlar pis təsir bağışlamadılar. Qol vurmaq şansları da oldu. Əlbəttə, onlara müəyyən vaxt lazımdır. Müəyyən vaxtdan sonra daha inamlı çıxış edə biləcəklər.
- "Qarabağ" Çernoqoriya klubunu keçə bilməsə, bu, azarkeşlər üçün böyük zərbə olacaq...
- Pis şeylər düşünmək istəmirəm. Amma azarkeşlərin bizdən nə gözlədiyini gözəl başa düşürük. Onlar da bizim yaxşı nəticələrə imza atmağımızı istəyirlər. Yeri gəlmişkən, Çernoqoriyaya yola düşərkən azarkeşlərimizin bizə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm.
- Növbəti mərhələyə vəsiqə qazansanız, Şotlandiya "Seltik"i ilə qarşılaşa bilərsiniz...
- Bu barədə danışmaq üçün hələ çox tezdir. İndi bizi "Rudar"la vacib oyun gözləyir. Onları keçdikdən sonra növbəti rəqib barədə düşünmək olar.
