Yaşar Seyidov: Bakıya şans verilsə, Premyer Liqada oynamağa hazırdır
"Bakı"nın icraçı direktoru Yaşar Seyidov bu gün jurnalistlər üçün brifinq təşkil edib. Azerisport.az xəbər verir ki, o, öncə "zolaqlılar"ın yenidən Premyer Liqada oynamaq istəyindən danışıb:
"Bizə şans versələr, Premyer Liqada çıxış etməyə hazırıq. Maliyyə problemlərinə gəlincə, klub prezidenti Hafiz Məmmədov bu gün onu da həll etməyə hazırdır. Qazonla bağlı problemi yoluna qoymaq üçün bir şirkətlə danışıq aparırıq. Onlar qısa müddətdə problemi aradan qaldıra bilər. Avqustun sonunadək qazonu ideal vəziyyətə gətirmək mümkün olacaq. Bizə güvənsələr, komandamız Premyer Liqada çıxış edə bilər".
Seyidov FİFA tərəfindən paytaxt klubuna transfer qadağasının qoyulmasına toxunub: "İndi demək olar ki, bütün klublarımıza belə bir sanksiya qoyulub. Gizlətmirəm ki, bizim borclu olduğumuz bir neçə futbolçu var. Amma bu problemi də həll edə bilərik. Borclu olduğumuz ümumi məbləği açıqlamaq istəməzdim. Lakin bu, elə də çox deyil. Onu da qeyd etmək istərdim ki, bizdə müqavilələr peşəkar qaydada bağlanmır. Əksər klublar dörd fərqli müqavilə imzalatdırırlar. Bundan sonra isə AFFA klubların futbolçularla tam peşəkar əsaslarla müqavilə bağlamasına nəzarət edəcək".
"Hazırda dörd futbolçu ilə danışıq aparırıq. Onlar Premyer Liqa səviyyəsinə uyğun futbolçulardılar. Amma adlarını açıqlamaq istəməzdim. Çünki hələ birinci divizionda və ya Premyer Liqada oynayacağımızı tam dəqiqləşdirməmişik".
Seyidovun sözlərinə görə, Premyer Liqanın yeni mövsümündə 12 klub iştirak edə bilər: "Premyer Liqada iştirak etmək istəyən bizdən başqa klublar da var. Ona görə də iştirakçıların sayı 12-yə çata bilər".
