Abdullayev: Belə davam etsə, Azərbaycan yox, Bakı çempionatı keçirəcəyik
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev "Simurq"un Premyer Liqadan imtinası, eləcə də avrokuboklardakı təmsilçilərimizin çıxışı barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:
"Simurq"un çempionatdan getməsi böyük itkidir. Ötən mövsüm "Araz Naxçıvan" çıxışını dayandırdı, bu il də "Simurq". Regionlarda böyük futbol azalır. Halbuki, məhz regionlarda keçirilən oyunlara azarkeşlər daha çox gəlir. Çox istərdim ki, Zaqatala klubu çempionatda qalsın".
O, "Rəvan"ın Zaqatala klubunu əvəzləməsini belə şərh edib: "Belə davam etsə, çempionatımız Azərbaycan yox, Bakı birinciliyinə dönəcək. Böyük futbolun Gəncəyə qayıtmasına çox sevinmişdi. Çünki Gəncədən həmişə yaxşı futbolçular çıxıb".
Abdullayev avrokuboklarda çıxışını davam etdirən "İnter", "Qəbələ" və "Qarabağ"la da bağlı danışıb: "Bütün klublarımızın uğur qazanmaq şansı var. Şansı az olan da var, çox olan da. Məsələn, "İnter" səfərdə 2:1 hesabıyla qalib gəlməklə ev oyunundakı işini asanlaşdırıb. "Hafnarfyordur"un oyununu görməmişəm və onların necə oynadıqlarını bilmirəm. Amma asan olmayacağı dəqiqdir".
"Qəbələ"yə gəlincə, "Çukariçki" ev oyununda yaxşı nəticə qazandı (1:0). İndi komandamız ev oyununda azı bir qol vurmalıdır ki, ümumi hesabı bərabərləşdirsin. Amma maksimum ehtiyatlı oynamaq lazım gələcək. Çünki buraxılacaq bir qol hər şeyi korlaya bilər".
"Qarabağ" da hələ şansını itirməyib. Evdəki qolsuz heç-heçə səfərdə istənilən qollu heç-heçəni Ağdam klubu üçün sərfəli edəcək. Əsas olan yalnız uduzmamaqdır".
