Böyükağa Hacıyev: Ən azı bir klubumuzun qrup mərhələsinə çıxacağına inanıram
AFFA Məşqçilər Komitəsinin üzvü, "Neftçi"nin sabiq çalışdırıcısı Böyükağa Hacıyevin azərisport.az saytına müsahibəsi
- "İnter"lə birgə İslandiyaya səfər etmişdiniz. Paytaxt təmsilçisinin oyunu haqda nə düşünürsünüz?
- "İnter" səfərdə ağılla oynadı. Komandadan belə oyun görmək xoş oldu. "Hafnarfyordur"a layiqli müqavimət göstərdi və qələbə qazandı. 2:1 hesablı səfər qələbəsi "bankirlər"i növbəti mərhələyə yaxınlaşdırır. Amma arxayınlaşmaq olmaz. "Hafnarfyordur" yaxşı komandadır. Onlar Bakıda sona qədər mübarizə aparacaq. Hava şəraitinin onların əleyhinə olacağını demək olar. Bununla belə biz "İnter"in növbəti mərhələyə çıxmasına azarkeşlik edəcəyik. Fikrimcə, futbolçular işin yarısını ediblər. Qalır Bakıda duelin taleyini həll etmək.
- Növbəti mərhələdə "İnter" Bilbaonun "Atletik" klubuyla qarşılaşa bilər. Yəqin razılaşarsınız ki, klubumuzun bəxti gətirməyib..
- Biz hələ növbəti mərhələyə vəsiqə qazanmamışıq. Digər tərəfdən unutmayaq ki, istənilən komandayla oynamaq olar. "Atletik" nə "Real"dır, nə "Barselona". Bilbao komandasıyla oynamaq mümkündür. Sözsüz, təcrübə özünü göstərəcək. Bu mənada daha çətin olacaq. Lakin futbolçularımız belə rəqiblərə qarşı oynamaqda maraqlı olmalıdır. Nə qədər güclü rəqibə qarşı oynasan, bir o qədər gücün artacaq.
- "Qəbələ" səfərdə Serbiya komandasına məğlub oldu. Cavab matçında şansları necə dəyərləndirirsiniz?
- Bu gün "Qəbələ" sanki dünya yığmasıdır. Heyətdə istənilən ölkədən futbolçu var. Amma oyun yoxdur. Məşqçi işi görünmür. Heç kim inciməsin, lakin "Çukariçki" keçiləsi rəqibdir. Meydanda yaxşı oyun göstərmədik. Futbolçular özlərini itirmişdi. Ardıcıl 4-5 ötürməni dəqiq verə bilmirdilər. Qriqorçuk gərək komandayla ciddi söhbət etsin. Bu oyun "Qəbələ"nin adına layiq deyil. Belə oyunla mərhələ adlamaq barədə düşünmək olmaz.
- Cavab görüşündə "Qəbələ" iki qol vura bilər?
- Niyə vurmasın? Axı "Qəbələ"dəki futbolçuların potensialı buna imkan verir. Növbəti mərhələdəki rəqib barədə hələ düşünməsinlər. "Çukariçki"ni keçmək mütləqdir. Evdə doğma azarkeşlər önündə o komandanı lazımi hesabla məğlub edə bilərlər. Mən komandamıza inanıram. Sadəcə, "Qəbələ"ni oyatmaq lazımdır. Artıq Avropa Liqasındadırlar, orada səhvləri bağışlamırlar.
- Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasında mübarizəyə qoşuldu. "Rudar"la ilk oyun 0:0 hesabıyla yekunlaşdı. Həmin oyuna baxmaq imkanınız oldu?
- İslandiyada olduğumuzdan oyunun təkrarına baxmaq imkanım oldu. Fikrimcə, "Rudar" komandamızı yaxşı təhlil etmişdi. "Qarabağ" ənənəvi oyununu göstərmədi. Çünki, imkan vermədilər. Amma əminəm ki, Qurban Qurbanov səfərə tam başqa oyunla yollanır. Onlar Çernoqoriyada fərqli oyun sərgiləyəcəklər. "Qarabağ" bu rəqibi keçəcək. Ölkə çempionu potensialını nümayiş etdirsə, rəqib üçün çətin olacaq. Ona görə səfərdə qalib gələcəyimizə inamım böyükdür.
- Qalib gələcəyi təqdirdə növbəti mərhələdə "Qarabağ" Şotlandiyanın "Seltik" klubuna rəqib olacaq. Bu komanda haqda fikirlərinizi bilmək maraqlı olardı?
- "Seltik" ağır komandadır. Etiraf edək ki, Ağdam təmsilçisinin püşkdə bəxti gətirməyib. "Seltik" evdə çox güclü oyun nümayiş etdirir. Əvvəlki heyəti olmasa belə, bu komanda turnirin bu mərhələsinin favoritlərindən biridir. Onlara qarşı ehtiyatlı olmaq vacib olacaq. Bununla belə gəlin fikrimizi "Rudar"la oyuna yönəldək. Səfərdən qələbəylə qayıdaq, sonra "Seltik" barədə danışarıq.
- Bu il qrup mərhələsində təmsilçimiz olacaq?
- Hazırda bu suala cavab vermək çətindir. Heç olmasa bir mərhələ gözləmək lazımdır. Sirr deyil ki, bütün ümidlərimiz "Qarabağ"la bağlıdır. Azərbaycan çempionu ardıcıl ikinci mövsüm bizi sevindirə bilər. Ümid edirəm ki, bu il bir komandamız Avroliqanın qrup mərhələsində mübarizə aparacaq.
