Elvin Məmmədov: Rudar zəif rəqib deyil, amma onlara səfərdə qalib gəlməliyik
Azərbaycan çempionu "Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriyanın "Rudar" klubuna qarşı keçirdikləri ilk oyunla (0:0) bağlı azerisport.az saytının suallarını cavablandırıb.
- "Rudar"la ilk oyun barədə nə deyə bilərsiniz?
- Ağır oyun oldu. Əlimizdən gələni etsək də, alınmadı. Allah eləsin ki, ikinci oyuna daha inamlı çıxaq və qələbə qazanaq.
- Komandanıza qələbə qazanmaq üçün nə çatmadı?
- Hər şey var idi. Sadəcə, "Rudar" həddən çox müdafiəyə çəkilmişdi. Buna baxmayaraq, yenə də hesabı açmaq üçün yaxşı şanslarımız oldu. Təəssüf ki, onlardan yararlana bilmədik. Futbolda belə hallar da olur.
- Görünür, "Rudar" sizi çox yaxşı analiz etmişdi...
- Elədir. Onlar bizim oyunumuzu yaxşı öyrənmişdilər. Biz də onları analiz etmişdik. Bu komanda futbol oynamağı bacarır. Bizim üçün onsuz da asan rəqib yoxdur. "Rudar" da öz ölkəsinin çempionudur. Belə bir klub zəif ola bilməz. Ona görə də bizə çətin oldu.
- Cavab oyunu öncəsi pessimistlik yoxdur ki?
- Xeyr. Komanda olaraq öz gücümüzə inanırıq. Maksimum nəticəyə nail olub, növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik.
- Ev oyununda qolsuz heç-heçə sizə sərf edir?
- Müəyyən mənada, hə. Futbolda hər şey olur. Ümumiyyətlə, ilk oyunlar həmişə çətin alınır.
- "Rudar" böyük ehtimalla cavab görüşündə müdafiədə oturmayacaq. Rəqibin açıq futbol oynaması sizə sərf edəcək?
- İndidən bunu heç kim dəqiq deyə bilməz. Mümkündür ki, onlar ev oyununda da Bakıdakı kimi müdafiəyə çəkilsinlər. Biz ilk oyunda bütün komponentlərdə rəqibdən üstün idik. Bircə qol vurmağı bacarmadıq.
