Jeremi Servi: İnter bizə minnətdar olmalıdır ki, SJK kimi rəqibi keçmişik
İslandiyanın "Hafnarfyordur" klubunun yarımmüdafiəçisi Jeremi Servi Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirəcəkləri ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Avroliqanın ilk təsnifat mərhələsində Finlandiyanın SJK klubuna hər iki oyunda qalib gəldiniz. Rəqib o dərəcədə zəif idi?
- Xeyr, onlar zəif deyildilər. Sadəcə, biz öz gücümüzü göstərdik və qələbə qazandıq.
- Deməli, istənilən halda rəqibiniz sizdən zəif imiş...
- Əlbəttə, siz elə düşünə bilərsiniz. Amma yenə də deyirəm, SJK o dərəcədə zəif rəqib deyildi. Siz özünüz həmin oyunlara baxmısınız.
- Xeyr, sadəcə epizodlara...
- Hər iki oyunu tam izləsəydiniz, yəqin ki, SJK-nı zəif rəqib adlandırmazdınız. Onların heyətində "Şeffild Yunayted", "Piterboro Yunayted", "Fulhem", "Recina" kimi klublarda oynamış futbolçular var idi. "İnter" bizə minnətdar olmalıdır ki, SJK kimi rəqibi keçmişik (gülür). Əslində, bizim komandanın heyəti onlarla müqayisədə elə də güclü deyil.
- Niyə belə hesab edirsiniz?
- Bizim futbolçular arasında maksimum Belçikada oynamış olanlar var. Düzdür, bir futbolçumuz da "Everton"da çıxış edib. Mən özüm Dortmund "Borussiya"sında oynamışam. Amma ikinci komandasında.
- "İnter"in heyəti barəsində məlumatınız var?
- Xeyr.
- Ümumiyyətlə, bu komanda barəsində heç bir təsəvvürünüz yoxdur?
- Xeyr. Amma Belçikada oynamış komanda yoldaşlarımın dediyinə görə, "İnter" pis komanda deyil. Orada "Feyenoord"un keçmiş futbolçusu oynayıb. Yəqin ki, oyuna qədər rəqiblə bağlı daha ətraflı məlumatım olar.
- Yəqin ki, "İnter"in Albaniya "Laçi"si ilə oyunlarını izləməmisiniz...
- Xeyr, həmin oyunlara baxmamışam. Amma "Laçi"nin yaxşı klub olduğunu bilirəm. "İnter"in bu rəqibini mübarizədən kənarlaşdırması da bakılıların gücündən xəbər verir. "İnter" Azərbaycanın ən güclü komandasıdır?
- Son mövsümü ikinci pillədə başa vurublar...
- Deməli, güclü komandadır.
- Ümumiyyətlə, Azərbaycan futbolu haqda nəsə bilirsiniz?
- Məndə elə bir məlumat yoxdur. Amma "İnter"lə ilk oyundan sonra təsəvvürüm artacaq. Azərbaycan Avropadan çox uzaqda yerləşir. Ola bilsin ki, buna görə az məlumatlıyam. Amma onu eşitmişəm ki, Azərbaycan çempionatına çoxlu pul yatırılır və futbolçular orada yaxşı qazanırlar.
- İlk oyunu evdə keçirəcəksiniz. Şansları necə qiymətləndirirsiniz?
- Əlbəttə, çətin olacaq. Amma biz növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq. Başqa yolumuz yoxdur. Qarşımıza pley-off mərhələsinə çıxmaq vəzifəsi qoymuşuq.
