Tahir Gözəl: Rudar Bakıya heç-heçə üçün gəlmişdi
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya çempionu "Rudar"a qarşı keçirilmiş ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən görüşdən sonra öncə bunları söyləyib:
- Hamımız yaxşı bir oyunun şahidi olduq. "Rudar" bu gün möhtəşəm müdafiə futbolu sərgilədi. Onlar müdafiəyə xüsusi diqqət ayırmışdılar. Nə özləri qol vəziyyəti yaratdılar, nə də komandamıza imkan verdilər. Aydın məsələdir ki, "Rudar" Bakıya heç-heçə üçün gəlmişdi. Buna da nail oldular. "Qarabağ" pressinq edirdi, yaxşı oynadı. Amma bu nəticədən sonra hər şeyə Çernoqoriyada aydınlıq gələcək.
- Yeni transferlər necə təsir bağışladılar?
- Bu, dörd futbolçumuz üçün ilk rəsmi oyun idi. Əlbəttə, həyəcan, risk amili var idi. Amma mənim fikrimcə, yeni transferlərimiz əla oynadılar. Fikrimcə, oyundan oyuna onlar daha effektli çıxış edəcəklər. Artıq cavab oyununu gözləyirəm. Çernoqoriyada meydan sahibləri də qol vurmağa çalışacaqlar. Cavab qarşılaşması daha çətin və maraqlı olacaq.
- Sizə elə gəlmir ki, yeni gələnlər Leroy Corcla Muarem Muaremi layiqincə əvəzləyə bilmədilər?
- Fikrimcə, bu barədə danışmaq üçün hələ tezdir. Gəlin onlara vaxt verək. Yeni futbolçuların tam uyğunlaşması üçün zamana ehtiyac var. "Qarabağ" yaxşı oynadı. Biz oyunun daha çox hissəsini meydanın rəqibə aid olan hissəsində keçirdik. Oyunçuları xüsusi günahlandırmaq olmaz. Gəlin onları daha da ruhlandıraq. Mən şəxsən bir klub rəhbəri olaraq, futbolçularımıza inanıram. Oyundan sonra da onlarla görüşüb, ürək-dirək verdim, ruhlandırmağa çalışdım.
- Futbolçularla nə danışdınız?
- Futbolçulara onlara inandığımı söylədim. Dedim ki, Çernoqoriyaya Azərbaycanın milyonlarla qaçqınını sevindirəcək qələbə üçün getmək lazımdır.
- Bu qolsuz heç-heçə sizi məyus etmədi?
- Deməzdim ki, sevindirdi. Əlbəttə, məyusam. Amma bu heç-heçə bir daha göstərdi ki, futbolda asan rəqib yoxdur. Həm də ilk addımlar həmişə çətin olur.
