Medvedev: Bəxtimiz gətirdi ki, qol buraxmadıq
Azərbaycan çempionu "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ına qarşı keçirdikləri ilk oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyun barədə nə deyə bilərsiniz?
- Rəqib özünü yaxşı tərəfdən göstərdi. Demək olar ki, rəqib qapısı qarşısında yüz faizli qol vəziyyəti yarada bilmədik. Görünür, bizi yaxşı analiz etmişdilər. Müdafiə taktikası seçmişdilər. Cavab oyununda daha yaxşı futbol sərgiləməyə çalışacağıq. Ümid edirik ki, onlar öz meydanlarında bir qədər açıq futbol oynayacaqlar.
- Bəs bu gün "Qarabağ"a nə çatmadı ki?
- Qollar. Qol vurmaq üçün hər şeyi etdik. Topa daha çox biz nəzarət edirdik. Amma qol vurmağı bacarmadıq. İki aparıcı futbolçunun komandadan getməsi, yeni gələnlərin olması oyunumuza təsir göstərməyə bilməzdi. Ümid edirəm ki, cavab oyunlarında bunlar daha az təsirini göstərəcək.
- Mərhələ adlamaq şanslarınızı necə qiymətləndirirsiniz?
- Şanslar yenə bərabərdir. Gördüyünüz kimi, rəqib bizdən çəkinir. Amma bizim də bəxtimiz gətirdi ki, qol buraxmadıq. Artıq səfər oyununda vurulacaq bir qol bizə üstünlük qazandıracaq.
