İnterlə Qəbələ Avroliqada növbəti sınağına çıxır
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin ikinci dərəcəli klub turnirində təmsil edən komandalar - "İnter"lə "Qəbələ" də növbəti sınaqlarına çıxacaqlar.
Premyer Liqanın son mövsümündə müvafiq olaraq gümüş və bürünc medallara sahib çıxan təmsilçilərimizin hər ikisi Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Paytaxt klubu Albaniya "Laçi"sini (səfərdə 1:1, evdə 0:0) keçdiyi halda, bölgə təmsilçisi Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0).
"İnter"i bu mərhələdə daha güclü İslandiya "Hafnarfyordur"u ilə mübarizə gözləyir. Sözügedən klub Azərbaycan futbolsevərlərinə yaxşı tanışdır. 10 il öncə Çempionlar Liqasında "Neftçi"yə rəqib olan bu komanda hər iki oyunda (0:2, 1:2) məğlub olaraq, mübarizəni dayandırmışdı. Ümid edək ki, bu dəfə Avroliqa çərçivəsində baş tutacaq duellərdə də sevinən tərəf Azərbaycan klubu olacaq.
"Hafnarfyordur" 1929-cu ildə yaranıb. Bu müddət ərzində komanda 6 dəfə İslandiya çempionu olub, 2 dəfə ölkə kubokuna sahib çıxıb. 6 dəfə İslandiya Liqa Kubokunda ən güclü olan komanda elə eyni sayda da ölkə Super Kubokunu başı üzərinə qaldırıb.
Amma "Hafnarfyordur" avrokuboklarda o qədər də uğurlu çıxış edə bilmir. Klub tarixi ərzində yalnız bir dəfə (!) avrokuboklarda iki mərhələ keçə bilib. O da 11 il öncə UEFA Kubokuna təsadüf edib. Bu mövsüm isə İslandiya klubu Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində Finlandiyanın SJK klubuna həm səfərdə, həm də evdə qalib gələrək (1:0, 1:0), "İnter"ə rəqib olub.
"Hafnarfyordur" Avroliqaya ötən mövsüm gümüş medallara sahib çıxaraq vəsiqə qazanıb. Keçirdiyi 22 oyunda 51 xal qazanan komanda çempiondan sadəcə, 1 xal geri qalaraq, ikinci yerlə kifayətlənib. 15 oyunda qalib gələn komanda 6 dəfə heç-heçəyə razılaşıb, cəmi bir dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapılarından 46 top keçirən "İnter"in rəqibi öz qapısında cəmi 17 top görüb. Bu göstəricilərə görə isə "Hafnarfyordur" İslandiya çempionatının son mövsümünün rekordçusudur, yəni hamıdan çox qol vurub, hamıdan az qol buraxıb və təbii ki, ən yaxşı top fərqinə malikdir.
Maraq üçün qeyd edək ki, İslandiyada hazırda yeni mövsümün qızğın vaxtıdır. Geridə qalan 11 turda "Hafnarfyordur" 7 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə hamıdan çox (24) xal toplayaraq, zirvədə qərarlaşıb. Hamıdan çox (25) qol vuran "İnter"in rəqibi öz qapısında 12 top görüb.
"Qəbələ" isə ilk dəfə vəsiqə qazandığı Avroliqanın ikinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" komandasına qarşı mübarizə aparacaq. Roman Qriqorçukun komandasının rəqibi 1925-ci ildə "dünyaya göz açıb". Serbiya klubunun elə də ciddi uğurları yoxdur. Bu komanda ölkə çempionatında ən yaxşı halda iki dəfə ikinci olub. Son mövsümdə isə "Çukariçki" Serbiya kubokuna sahib çıxıb. Elə bunun sayəsində də komanda Avroliqada oynamaq hüququna yiyələnib.
Serbiya klubunun avrokuboklarda da heç bir uğuru yoxdur. Vaxtilə keçirilmiş İntertoto Kubokunu (həmin turnirdə də iki dəfə çıxış edib) nəzərə almasaq, bu komanda ikinci dəfədir ki, qitə miqyaslı yarışlarda çıxış etmək şansı əldə edib. 2014/15 mövsümündə Andorranın "Sent Culiya" klubunu (4:0, 0:0) keçən "Çukariçki" ikinci təsnifat mərhələsində Avstriya "Qrodiq"inə uduzub (0:4, 2:1). Bu mövsüm isə Sloveniya "Domjale"si serblər üçün problem yarada bilməyiblər. Səfərdə 1:0 hesabıyla qalib gəlmiş "Çukariçki" ev oyununda qolsuz heç-heçə sayəsində "Qəbələ"yə rəqib olub. Amma ümid edək ki, Serbiya klubu bu dəfə də üçüncü təsnifat mərhələsinə vəsiqə əldə edə bilməyəcək.
Bu komanda Serbiya çempionatının son mövsümündə də uğurlu çıxış edib. Keçirdiyi 30 oyunda 57 xal toplayan "Qəbələ"nin rəqibi üçüncü yeri tutub. 16 qələbə, 9 heç-heçə və 5 məğlubiyyət görən Serbiya klubu 48 qol vurub, öz qapısında 24 top görüb.
Göründüyü kimi, təmsilçilərimizin budəfəki rəqibləri sıradan komandalar deyil. Amma hər halda "Hafnarfyordur"la "Çukariçki" Avropanın nəhənglərindən də sayılmır və işə düzgün yanaşma, diqqətli oyun, maksimum güc sərf etməklə hər iki rəqibi mübarizədən kənarlaşdırmaq olar. Bu mənada təmsilçilərimizin ilk oyunu səfərdə keçirməsi də üstünlük hesab oluna bilər. Necə ki, ilkin təsnifat mərhələsində də bu klublarımız məhz ev oyununda çətinliklə də olsa, tur keçməyə nail oldu. Bu üzdən də yenə səfər matçlarında sərfəli nəticəyə nail olmaq böyük önəm kəsb edəcək. Klublarımıza səfər oyunlarında vurulacaq qol və qollar çox vacibdir. Qol vurub, buraxmamaq təbii ki, komandalarımıza əlavə üstünlük qazandıracaq. Amma səfərdən qollu heç-heçə ilə dönmək də qənaətbəxş nəticə sayıla bilər.
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 29-cu pillədədir və hesabında 11.375 reytinq xalı var. Onun 0.875 xalı cari mövsümdə qazanılıb. Bu mövsüm ölkəmizə 0.250 xalı "İnter", 0.250 xalı "Neftçi", 0.250 xalı "Qəbələ", qalan 0.124 xalı isə "Qarabağ" qazandırıb. Ümidvarıq ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.
Klublarımıza gəlincə, "İnter" 4.250 xalla klub sıralamasında Avropanın 273-cü, "Qəbələ" isə 3.000 reytinq xalı ilə 335-cidir. Rəqiblərə gəlincə, "Hafnarfyordur" 5.725 xalla 223-cü, "Çukariçki" də 3.275 xalla 318-cidir.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyunlar)
16 iyul
23:30. "Çukariçki" (Serbiya) - "Qəbələ"
Baş hakim: Radu Petresku (Rumıniya).
Belqrad. "Çukariçki" stadionu.
00:15. "Hafnarfyordur" (İslandiya) - "İnter"
Baş hakim: Mixael Leryus (İsveç).
Hafnarfyordur. "Kaplakrikavollur" stadionu.
