Stevanoviç: Qəbələyə 1:0 və ya 2:0 hesabıyla qalib gəlsək, razı qalacağam
Serbiyanın "Çukariçki" klubunun qapıçısı Nemanya Stevanoviç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Qəbələ"nin oyunlarının videoyazısına baxmışam. Ciddi rəqibdir. Onlar meydanda çox fəaldırlar, əks-hücumlarda yaxşıdırlar. Fiziki cəhətdən də güclüdürlər. Amma çatışmazlıqları da var. Ona görə də "Qəbələ" keçilməz rəqib sayıla bilməz".
Qolkiperin sözlərinə görə, "Çukariçki"nin "Qəbələ"yə qol vura biləcək yetərincə futbolçusu var: "Futbolçularımızın hər biri öz mövqeyində təhlükəlidir. Müdafiəçilərimiz də öz işlərini yaxşı bilirlər".
"Qəbələ"yə ev oyununda 1:0 və ya 2:0 hesabıyla qalib gəlsək, razı qalacağam. Əminəm ki, bu nəticələr bizə Azərbaycanda keçiriləcək cavab oyununda növbəti mərhələyə vəsiqəni təmin etməyə imkan yaradacaq".
"Çukariçki"nin qapıçısı "Qəbələ"dən qol buraxmamaq arzusundan da danışıb: "Avroliqadakı ilk iki oyunumuzda qol buraxmadım. Bu seriyamı qarşıdakı oyunlarda da davam etdirməyi düşünürəm. Amma "Qəbələ"nin qarşısını tək mən almayacağam. Mən sadəcə, bu komandanın bir hissəsiyəm".
