Roman Qriqorçuk: Bakcell Arena çox xoşuma gəlir
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi
- Serbiya "Çukariçki"si ilə oyuna hazırlıq necə gedir?
- "Dinamo" üzərindəki qələbədən sonra komandada atmosfer yaxşıdır. Hazırlıq adi qaydada davam edir. Hələ tam hazır deyilik. Daha da artırmağı düşünürük. Oyunçuların bir-birini daha yaxşı başa düşməsinə ehtiyac var. Bizi hansı rəqibin gözlədiyini bilirik. Buna görə də oyunlara ən yaxşı formada hazırlaşmağa çalışırıq.
- "Çukariçki" Gürcüstan klubundan daha güclüdür?
- Fərqli komandalardır. Müqayisə etməyə dəyməz. "Dinamo"dan fərqli, "Çukariçki" daha aqressiv və güc futbolu sərgiləməyə üstünlük verir. Çoxlu uzun ötürmələrdən istifadə edirlər. Yaxşı oyunçuları var. Hamısı ucaboy, fiziki cəhətdən möhkəm futbolçulardır. İki mövsümdür eyni heyətlə çıxış edirlər. Bu, onların əsas üstünlükləridir.
- "Qəbələ"də itki yoxdur?
- Xeyr. Bütün futbolçular bir arada növbəti matça hazırlaşırlar.
- "Qəbələ" rəhbərliyiniz altında avrokuboklarda ilk qolunu vurdu, ilk qələbəsini və xallarını qazandı, ilk dəfə mərhələ keçdi. Amma yəqin bilirsiniz ki, Serbiya klubunu keçə bilməsəniz, bütün bu uğurlar unudulacaq və sizə çoxlu tənqidlər yönələcək?
- İdmanda belədir. Biz ötən uğurlarla yaşaya bilmərik. "Dinamo" üzərində qələbə artıq keçmişdə qaldı. Tənqidlərə gəlincə, bu, məni maraqlandırmır. Məni ilk növbədə rəhbərliyin, futbolçuların, köməkçilərimin, bir sözlə çalışdığım insanların fikri maraqlandırır. Hazırda mən komandanın oyununu daha da yaxşılaşdırmaq barədə düşünürəm. Daha böyük uğurlar qazanmaq üçün daha yaxşı oyun sərgiləməliyik.
- UEFA "Qəbələ"ni böyük ehtimalla "Bakcell Arena"da oynamağa məcbur edəcək...
- Bu dəfə də ev oyunumuzu Qəbələdə keçirməyi çox istəyərdik. Amma bir halda ki, UEFA belə bir qərar qəbul edir, Bakıda oynamaqdan başqa əlacımız yoxdur. Bizim işimiz meydana çıxıb oynamaqdır. Əslində, "Bakcell Arena" indiki vəziyyətdə idealdır. Bu arena mənim çox xoşuma gəlir. Orada əsl futbol atmosferi olur. Stadionun arxitekturası və aurası böyük futbola çox yaxındır. Mən məmnuniyyətlə oyunun bu arenada keçirilməsinə razı olaram.
- İstədiyiniz dəstəyi ala bilməyəcəyinizdən qorxmursunuz?
- Azarkeşlərimizin arenaya gəlməsi üçün klub rəhbərliyi əlindən gələni edəcək. "Çukariçki" ilə cavab oyununda böyük azarkeş ordusunun olacağına ümidliyəm.
