Qarabağın ÇL macərası başlayır
Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu mövsüm yenə son ölkə çempionu "Qarabağ" təmsil edir.
Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayır. Bölgə təmsilçisinin startdakı rəqibi Çernoqoriya "Rudar"ıdır. "Qarabağ"ın rəqibi ölkəsinin Plevlya şəhərini təmsil edir. 95 yaşlı klub 1920-ci ildə yaradılıb. Komanda ev oyunlarını 10 000 azarkeş tutumu olan "Qradski" stadionunda keçirir. Ağdam klubunun rəqibi cəmi iki dəfə (2009/10, 2014/15) Çernoqoriya çempionu olub. Üç dəfə isə komandaya ölkə kubokunu qazanmaq nəsib olub - 2006/07, 2009/10, 2010/11.
"Rudar"ın avrokuboklarda elə də böyük təcrübəyə malik olduğunu demək olmaz. Bu komanda bütövlükdə beş dəfə qitə miqyaslı turnirdə iştirak hüququ qazanıb, həmin mövsümlərdə də 13 avrokubok matçına çıxıb. Onların yalnız 3-də qələbəyə sevinən çernoqoriyalılar 2 görüşdə də heç-heçə ediblər və qalan görüşlərdə məğlubiyyətlə üzləşiblər. Komanda iki dəfə bir mərhələ keçməyə nail olub. İlk dəfə 2010/11 mövsümündə ÇL-də San-Marino "Tre Fiori"ni keçən "Rudar" ardından Bolqarıstan "Liteks"inə uduzub. Sonuncu dəfə isə bu komanda Avroliqada Ermənistan "Mika"sını keçdiyi halda, Polşa "Şlensk"ini keçə bilməyib.
"Rudar" son mövsümdə 72 xalla ölkə çempionu olub. Çempion qızıl medalları ikinci yerdə qərarlaşmış "Sutyeska" komandasını 3 xal qabaqlamaqla qazanıb. "Rudar" son mövsümdə 33 oyunda 22 qələbə qazanıb, 6 oyunda isə heç-heçə edib. Ağdam klubunun rəqibi cəmi 5 oyunda məğlub olub. 33 oyunda rəqib qapılarına 58 dəfə yol tapan plevlyalılar öz qapısından 18 qol buraxıblar. Bu isə, son mövsümün ən yaxşı göstəricisidir (+40 top). Bir sözlə, "Qarabağ"ın rəqibi Çernoqoriyanın ən yaxşı müdafiə xəttinə malik komandası hesab oluna bilər.
Göründüyü kimi, "Qarabağ"ın ilk rəqibi elə də nəhəng təsiri bağışlamır. Bu üzdən də komandamızın "Rudar" səddini keçəcəyinə şübhə edən, demək olar ki, yoxdur. Amma təbii ki, həddən ziyadə arxayınlıq mənfi nəticələrə gətirib çıxara bilər. Buna görə də Qurban Qurbanovun komandası maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərini dəyərləndirməklə, cütün taleyini elə Bakıdakı matçda həll etməlidir. Cavab görüşü səfərdə olacağına görə, Ağdam klubu Çernoqoriyaya böyük üstünlüklə yollanmalıdır ki, rəqib meydanında arxayın oynaya bilsin. "Qarabağ"ın bu şansı əldən qaçırması isə bağışlanmaz ola bilər.
Ağdam klubu ötən il olduğu kimi, bu mövsümdə də qitə miqyaslı turnirlərdə qrup mərhələsinin iştirakçısı olmaq iddiasındadır. Komandanın belə bir uğura Çempionlar Liqasında da nail olub, tarix yazmaq şansı var. Amma bu, çox çətin olsa da, ən azı Avroliqanın qrup mərhələsinə düşmək mümkündür. İstənilən halda "Qarabağ"dan bu mövsüm də gözləntilər çox yüksəkdir. Bu mənada komandamızın yeni avrokubok mövsümünə necə start verəcəyi böyük maraqla gözlənilir.
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 28-ci pillədədir və hesabında 11.250 reytinq xalı var. Bunun 0.750 xalı cari mövsümdə qazanılıb ki, bu da Avropa Liqasındakı klublarımızın (hərəyə 0.250 bal qazanmış "Neftçi", "İnter" və "Qəbələ") payına düşür.
"Qarabağ" özü isə 10.750 xalla klub sıralamasında Avropanın 135-ci komandasıdır. "Rudar" isə 3.150 reytinq xalı ilə 321-cidir.
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi (ilk oyun)
15 iyul
21:30. "Qarabağ" - "Rudar"
Baş hakim: Sebastyan Koltesku (Rumıniya).
Köməkçi hakimlər: Radu Adrian Ştefan Ginquleak, Mirça Mixail Qriqoriu (Rumıniya).
Dördüncü hakim: George Katalin Qaman (Rumıniya).
Hakim inspektor: Vladimir Petrov (Ukrayna).
UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
