"Qarabağ Neftçidən daha güclüdür"
Çernoqoriyanın "Rudar" klubunun baş məşqçisi Mirko Mariç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ"ın keyfiyyətli futbolçularının olduğunu bilirəm. Klubun maliyyə imkanları da yaxşı oyunçular almağa şərait yaradır. Düz qeyd etdiniz ki, bu mövsüm avrokuboklarda növbəti Azərbaycan - Çernoqoriya dueli yaşanacaq. Mən "Mladost"un "Neftçi"yə qarşı hər iki oyununu izləmişəm. Deyim ki, "Qarabağ" "Neftçi"dən daha güclüdür. Ona görə bizə "Mladost"la müqayisədə daha çətin olacaq.
"Qarabağ"a sabah 20 min azarkeş qarşısında oynamaq asan olacaq. Biz isə buna görə çətinliklə üzləşə bilərik. Çünki çempionat oyunlarımızı adətən yüzə yaxın azarkeşin gözü qarşısında keçiririk. Yadıma gəlir ki, iki il öncə Polşada məhz belə izdiham qarşısında məğlub olmuşduq. Nəticəyə gəlincə, sabahkı oyunda qələbə qazanmaq istəyirik. "Qarabağ" imkan versə, qələbə qazanarıq".
