Qurban Qurbanov: Rudarın oyun üslubu bizə problem yarada bilər
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ına qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün təşkil olunmuş mətbuat konfransında öncə bunları söyləyib:
- Sizi yenidən görməyimə şadam. Bu, Çempionlar Liqasında yeni səhifədir və biz böyük uğura nail olmaq istəyirik. Ötən dəfə ÇL-dəki çıxışımız alınmadı. Baxmayaraq ki, mövsüm bütövlükdə uğurlu keçdi. "Rudar"la matç bizim üçün çox vacibdir. Ona görə də komandanı ən yüksək səviyyədə hazırlamağa çalışdıq. Fikrimcə, oyuna yanaşma pis deyil. Rəqibi analiz etmişik, amma tam istədiyimiz səviyyədə yox. Onlar gücləniblər, heyət dəyişib. Rəqibin oyun stili bizə problem yarada bilər. Bu komandanı yalnız ilk oyundan sonra tam yaxşı tanıyacağıq. İkinci oyunda isə işimiz bir qədər yüngül olacaq. Bu üzdən ilk oyunda maksimum az səhvə yol verməliyik.
- Start heyətini müəyyənləşdirmisiniz?
- Demək olar ki, hə. Problem olmasa, ilk dəqiqələrdən kimlərin meydana çıxacağını bilirəm.
- "Qarabağ" hücumçu problemini çox gec həll etmədi ki?
- Bu, bizim planlarımıza təsir göstərməyəcək. Həm də yaxşı futbolçu tapmaq çox çətindir. Türkiyədə legionerlərə qoyulan limit aradan qaldırılıb. Bu üzdən bizə həm az legioner təklif olundu, həm də azad agent statusu daşıyanlar çox azdır. Əsas odur ki, transfer etdiyimiz Raydell Pupon komandamıza uyğun gəlsin.
- Komandanın indiki durumu sizi qane edir?
- Problemlər həmişə var. Heç vaxt tam razı qalmaq olmaz. Hələ oyun keyfiyyəti yoxdur. Daha bir neçə oyun keçirməyimiz lazımdır. Həm də heyətə bir neçə gənc futbolçu cəlb olunub.
- Yeni futbolçuların gəlişi "Qarabağ"ın oyun üslubunu dəyişməyəcək ki?
- Oyun üslubumuzda xüsusi dəyişiklik etmək barədə düşünmürük, əksinə, daha da yaxşılaşdırmaq istəyirik.
- Rəqib Reynaldodan ehtiyatlanır...
- Bu, normaldır. Amma o da, digər futbolçularımız da oyun keyfiyyətlərini yaxşılaşdırmalıdırlar. Futbolçu bunu özü də başa düşməlidir.
- Çox ehtiyatlı danışırsınız. Bu, "Rudar"a hörmət əlamətidir, ya ehtiyatlanırsınız?
- Mən həmişə doğrunu deməyə çalışıram. Özünüz də bu komandanın hansı gücə sahib olduğunu bilirsiniz. Onlar bizimlə oyunlara ciddi hazırlaşıblar.
- Sabah futbolçulardan oruc tutanlar olacaq?
- Oruc tutmağa qadağa qoyulmayıb. Kimsə oyun günü oruc tutmasa, problem deyil. Kim güclüdür, onlar da meydanda olacaq.
