14 iyul 2015 20:00
Qurban Qurbanov: Bu dəfə ÇL-də böyük uğurlar qazanmaq istəyirik
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ına qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
"Sizi yenidən görməyimə şadam. Bu, Çempionlar Liqasında yeni səhifədir və biz böyük uğura nail olmaq istəyirik. Ötən dəfə ÇL-dəki çıxışımız alınmadı. Baxmayaraq ki, mövsüm bütövlükdə uğurlu keçdi. "Rudar"la matç bizim üçün çox vacibdir. Ona görə də komandanı ən yüksək səviyyədə hazırlamağa çalışdıq. Fikrimcə, oyuna yanaşma pis deyil".
