Sadıq Sadıqov: Gənclərə şans verilməlidir, amma Mladost səddi də keçilməli idi
"Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqovun azerisport.az saytına müsahibəsi
- Vaxtilə rəhbərlik etdiyiniz klubun bu mövsüm Avropa Liqasının ilkin təsnifat mərhələsindəcə mübarizəni dayandırmasını necə qarşıladınız?
- Mübarizəni dayandırsa da, komanda özünü yaxşı tərəfdən göstərdi. Hazırda "Neftçi"də gəncləşdirmə siyasəti aparılır. Biz artıq gələcəyi düşünürük. Amma açıq şəkildə deməliyəm ki, komandanın Çernoqoriya "Mladost"u ilə oyunlarda qətiyyən bəxti gətirmədi. Elə təkcə dirəkdən dönən topu xatırlamaq yetər. Futbolçuların avrokubok təcrübəsinin olmaması sözünü dedi. Təbii ki, gənclərin özünü göstərməsini istəyiriksə, onlar şans verməliyik. Sadəcə, "Mladost" səddini keçmək lazım idi.
- Komandaya yenə legionerlər lazımdır?
- "Neftçi"də təcrübəli futbolçular da yetərincədir. Kaue, Erik Ramos, Flavinyo. Cavid İmamverdiyev Türkiyədə, Ruslan Qurbanov Xorvatiyada oynayıb. Samir Əliyevin üzərinə böyük məsuliyyət düşüb. O, yaxşı komanda yaratmalıdır.
- Sizcə, "Neftçi" Samir Əliyevlə gələcəkdə nəyəsə ümid edə bilər?
- Məşqçilər Şurası seçimini onun üzərində etdi. Gənc məşqçidir, Azərbaycan futbolunu yaxşı bilir. Ona güvənmək lazımdır. Samir Əliyev özünü göstərməlidir. Çünki bu, onun üçün bir şansdır. Fikrimcə, o, ikinci Qurban Qurbanov ola bilər.
- Avrokuboklardakı digər klublarımızdan nə gözləyirsiniz?
- "Qarabağ" güclü komandadır. Bütün ölkə futbolsevərləri bu komandadan böyük uğurlar gözləyirlər. "Qəbələ" ilk mərhələni keçdi və bu komandadan da çox şey gözlənilir. "İnter" barədə də eyni sözləri deyə bilərəm. Hər üç klubumuzdan ancaq uğur gözləyirəm".
