Rövnəq Abdullayev: Samir Əliyev postunda qalmalıdır
AFFA prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlər üçün brifinq keçirib. Azerisport.az xəbər verir ki, o, "Neftçi"nin baş məşqçisi Samir Əliyevin komandadakı taleyi ilə bağlı bunları söyləyib:
"Samir Əliyev öz postunda qalmalıdır. Çünki tarix göstərir ki, əcnəbi baş məşqçilərlə klublarımız ciddi uğurlar qazana bilmirlər. Nəticəni yerli mütəxəssislər veriblər. Samir gənc və iddialı məşqçidir. O, "Neftçi" ilə uğur qazana bilər".
Abdullayev "Bakı"nın Premyer Liqada qalmaq ehtimalına da toxunub: "Bu komandanın yeni mövsümdən Premyer Liqaya qayıtması barədə heç bir söhbət gedə bilməz. Komanda birinci divizionda çıxış edəcək. Çünki son mövsümü axırıncı yerdə bitirib. Amma təbii ki, birinci divizionun qalibi olacağı halda yenidən elitada çıxış edə bilərlər. "İnter"lə "Simurq"a gəlincə, onlar Premyer Liqada çıxışlarını davam etdirəcəklər".
AFFA prezidenti futbolun inkişafına dair yeni dövlət proqramının hazırlanmasından da söz açıb: "Yeni dövlət proqramında klublara maliyyə yardımı ilə bağlı bənd yoxdur. Biz qarşımıza yüksək hədəflər qoymuşuq. Çünki 2020-ci ildə Avropa çempionatının bir neçə oyunu Bakıda keçiriləcək. Elə çalışmalıyıq ki, Azərbaycan yığması da həmin AÇ-nin final mərhələsində iştirak edə bilsin. Ümumiyyətlə, klubların uğurlu çıxışı üçün pul ən vacib məsələ deyil. Klubların ictimai təşkilata çevrilməsi daha önəmlidir, nəinki bir şəxsdən asılı olması".
Abdullayev U-17-lər arasında Azərbaycanda keçiriləcək AÇ-2016 ilə də bağlı açıqlama verib: "AÇ-2016-nın bütün oyunları Bakıda keçiriləcək".
SOCAR-ın prezidenti sabah UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ı ilə ilk oyuna çıxacaq "Qarabağ"a da uğurlar arzuladı: "Proqnoz verməyəcəyəm. Amma "Qarabağ"dan uğurlu çıxış gözləyirəm".
