Tuyqun Nadirov: AFFA İK legionerlərin qiymətini dəyişdirməklə bağlı məsələyə baxacaq
AFFA-nın Klublar Komitəsinin rəhbəri, "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov bəyan edib ki, İcraiyyə Komitəsi yaxın zamanda üç vacib məsələni müzakirə etmək üçün bir araya gələcək. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim komitənin son iclasında İK-da baxılması üçün üç məsələ təklif olundu. Hansı ki, bunlar Azərbaycan klubları üçün çox vacibdir. Klublar ilk növbədə yetişdirdikləri futbolçuların başqa komandaya keçdikləri halda kompensasiya ödənilməsini tələb edirlər. İkincisi, oyunların televiziya yayımına görə gəlir əldə etməkdə maraqlıdırlar. Üçüncüsü isə legioner futbolçulara görə qiymətin dəyişməsini istəyirlər. Biz artıq bu məsələlərlə bağlı sənəd hazırlamışıq. Ümid edirik ki, AFFA İK yaxın zamanda bu məsələlərə baxacaq. Klublar Komitəsinin yeni mövsümdəki ilk toplantısına gəlincə, böyük ehtimalla çempionat başlayandan sonra olacaq".
