Xutsişvili: Qəbələnin bircə problemi var
Gürcüstanın "Zeftafoni" klubunun idman direktoru Mixail Xutsişvili "Qəbələ" ilə Tiflis "Dinamo"su arasında keçirilmiş oyunlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" cavab görüşündə bütün 90 dəqiqə ərzində üstünlüyə malik olan tərəf idi. "Dinamo" isə bir futbolçusu meydandan qovulandan sonra daha da çətin vəziyyətə düşdü. Oynamaq çətin idi. "Dinamo" hesabı qoruya bilərdi. Amma komandanın əksər futbolçusu gənclər idi. Onlara sadəcə, təcrübə çatmadı".
"Mənə elə gəlir ki, hakimlər həm Tiflisdəki, həm də Qəbələdəki oyunlarda "Dinamo"nun futbolçularına qırmızı vərəqə göstərməyə də bilərdilər. Ən azından həmin qırmızı vərəqələr olmasaydı, hakimlik amili bu qədər qabardılmazdı".
Xutsişvili bu iki klub arasındakı oyunlarda azarkeşlərin əl atdıqları təxribat xarakterli olaylara da münasibət bildirib: "Azərbaycanla Gürcüstan arasında artıq çoxdan dostluq əlaqələri qurulub. Amma görünür, bu, kimlərəsə xoş deyil. Mənə elə gəlir ki, belə kiçik olaylar bu ölkələr arasındakı münasibətlərə heç bir təsir edə bilməz. Bunu bəzi qüvvlərə qəbul etsələr də, etməsələr də, Azərbaycan və Gürcüstan ayrı-ayrılıqda yaşaya və inkişaf edə bilməz".
Gürcü mütəxəssis "Qəbələ"nin ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "Çukariçki" klubuna qarşı oyunlarda şansları barədə də söz açıb: "Çukariçki" tipik Avropa klubudur. Bu, Serbiyada futbolçularının maaşını vaxtı-vaxtında ödəyən yeganə klubdur. Maliyyə problemləri yoxdur, hər şey sabitdir. Əlbəttə, maaşlar çox yüksək deyil. Amma "Çukariçki"nin heyəti həmişə güclü olub. Çünki "Partizan" və "Srvena Zvezda" kimi aparıcı klublarda oynaya bilməyən futbolçuların hamısı bu kluba yollanır. Lakin "Qəbələ" də oyundan-oyuna artırır. Bu komandanın bircə problemi var - futbolçular bir-birini daha yaxşı başa düşməlidirlər. Bunun üçün isə vaxta ehtiyac var. Bir sözlə, hər iki komanda üçün çətin oyun olacaq. "Qəbələ"yə yeni transferlər də lazımdır. Avroliqanın qrup mərhələsində oynamaq üçün heyəti gücləndirmək vacibdir. Klubunuz sürətli mərkəz müdafiəçisi də alsa, lap yaxşı olar".
