Səməd Qurbanov: Neftçi doğru yoldadır
"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov komandanın Avropa Liqasının birinci təsnifat mərhələsindəcə mübarizəni dayandırmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim ölkədə çox maraqlı insanlar var. Deyirlər ki, "Mladost" zəif komandadır. Mən bu fikirlərlə razı deyiləm. Rəqibin kimliyindən asılı olmayaraq, komandamız hər iki avrokubok matçında yaxşı futbol sərgilədi. Onlara sadəcə, azacıq bəxt və təcrübəsizlik çatışmadı ki, növbəti mərhələyə vəsiqəni təmin edə bilsinlər. Şəxsən mən komandadan razıyam. Siz hələ "Neftçi"nin necə futbol sərgilədiyini bundan sonra görəcəksiniz. Bir hücumçu və bir yarımmüdafiəçi transfer edəcəyik. Komanda düzgün yoldadır. Belə tənqidlərlə komandanı sındırmağa nə ehtiyac var"?
