13 iyul 2015 11:15
Qəbələ Çukariçki ilə matçın hazırlığına başladı
“Qəbələ” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” Serbiyanın “Çukariçki” klubu ilə səfərdəki ilk oyunun hazırlığına Qəbələdə başlayıb.
Birinci təsnifat mərhələsinin “Dinamo” (Tiflis, Gürcüstan) ilə cavab oyunundan (2:0) sonra iki günlük istirahətə buraxılan futbolçular iyulun 12-də axşam məşqində bir araya gəlib. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca topla çalışıb. Məşqdə komandanın bütün futbolçuları iştirak edib. “Qırmızı-qaralar” növbəti məşqini bu gün keçirəcək.
Xatırladaq ki, “Çukariçki” – “Qəbələ” oyunu iyulun 16-də Çukaritsada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
