Milan Zaqorats: Qəbələ kimi yaxşı heyətə malik komanda Çukariçki səddini də keçməlidir
"İnter"in serbiyalı sabiq müdafiəçisi Milan Zaqorats ölkəsinin "Çukariçki" klubu ilə "Qəbələ" arasında Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çukariçki" keçiləsi komandadır. Düzdür, fiziki cəhətdən çox hazırlıqlı komandadır, əks-hücumlarda çox təhlükəlidirlər. Amma komandanın səviyyəsi çox da yüksək deyil. Şansların bərabər olduğunu düşünürəm. "Qəbələ" kimi yaxşı heyətə malik komanda növbəti mərhələyə vəsiqə qazanmağa borcludur. "Qəbələ"yə məsləhətim də olacaq. Qoy Srniç və Matiç qardaşlarına xüsusi diqqət yetirsinlər. Matiç güclü futbolçudur. 20-25 metrdən tez-tez qapıya zərbələr endirir. "Qəbələ" ayıq-sayıq oynasa, bu rəqibini keçə bilər".
