İsgəndər Cavadov: Bütün ümidlər yalnız Qarabağadır
Regional Futbol Federasiyasının prezidenti, veteran futbolçu İsgəndər Cavadov Azərbaycan klublarının Avropa Liqasının ilk mərhələdəki çıxışlarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında i, ən çox "Neftçi"nin məğlubiyyətinə görə üzüldüyünü deyib:
"Öncə "İnter" və "Qəbələ"ni təbrik edirəm. "İnter" indiki heyətlə mübarizə apardı və sübut etdi ki, klub yaşamalıdır. "Qəbələ" tarixində ilk dəfə mərhələ adladı. Bu mənada hər iki komandanı təbrik edirəm. Onlara növbəti mərhələdə uğur diləyirəm. "Neftçi"nin məğlubiyyətinə çox üzüldüm. Lakin indi klubu tənqid etməyin əleyhinəyəm. Bir neçə il əvvəl söyləmişdim, gənclərə şans verilməlidir. Nə qədər legionerlərə güvənmək olar? Hər klublar bir-iki təcrübəli legioner olmalıdır. Digərləri yerli futbolçulardan ibarət olsa, daha yaxşı olar. "Neftçi" öz gücünə normal futbol oynadı. Mərhələ keçmədi, amma uşaqlar təcrübə qazandı. Legionerlərlə mərhələ keçmək daimi uğur deyil. Komandada yerli futbolçuların sayı əcnəbilərdən az olmamalıdır. Ölkə futbolunu düşünmək lazımdır. "Neftçi" gənclərə güvənməkdə davam etməlidir. Növbəti illərdə daha yaxşı oyun sərgiləyəcəklər. Sözsüz, bir qədər güclənsələr, daha yaxşı olar".
Cavadov Azərbaycan futbolunun hazırkı durumunda gənclərə inanmağı düzgün addım kimi qiymətləndirib: "Ölkə futbolunun gələcəyi gənclərdən asılıdır. Bu gün klublar süni qiymət artırmamalıdır. Gənc futbolçulara legionerlərlə birgə oynamaq imkanı verilməlidir. Bütün heyət legionerlərdən ibarət olmaqla bir mərhələ keçmək nəyə lazımdır? Deyin görək hanı Rauf Əliyev? Niyə Əfran İsmayılov görünmür? Rauf "İnter"in heyətində əvvəlki oyunu göstərmədi. Çünki, ideal formadan uzaqdır. Belə futbolçuların məhv olmasında klublar günahkardır. 10 ilə 10 klub dəyişmək olar? Bizə indi "Neftçi"nin veteranı deyirlər. Elə futbolçulara hansı klubun veteranı deyəcəklər? 10 klub dəyişmək olar? Hər il bir məşqçiylə işləmək yanlış qərardır. Klubları bir-birindən istedadları oğurlamalı deyil, onları özləri hazırlamalıdır".
Veteran futbolçu "İnter"lə "Qəbələ"nin maksimum daha bir mərhələ keçmək gücündə olduqlarını deyir: "İnter" o heyətlə normal oynadı. Amma ikinci mərhələdə çətin olacaq. Yayda kifayət qədər transfer edən "Qəbələ" inamlı oynamadı. Mən onlardan daha yaxşı oyun gözləyirdim. Qalib mühakimə olunmur. Fikrimcə, maksimum bu klublar daha bir mərhələ keçə bilər. Belə oyunla uzağa getmək olmaz. İstənilən halda yerli futbolçulara güvənən klublara təşəkkür edirəm. Azərbaycanlı gənclər üçün özlərini göstərməkdən ötrü əla şansdır. Hər bir qələbə UEFA reytinqində Azərbaycan aktivinə xal qazandırır. İndi bizim bu xallara ehtiyacımız çoxdur".
Cari mövsüm qrup mərhələsinə iddialı yalnız Azərbaycan çempionu "Qarabağ"dır. İsgəndər Cavadovun fikrincə, Ağdam təmsilçisi uğurlu çıxışını davam etdirə bilər: "O biri klublardan qrup mərhələsinə vəsiqə qazanmaq tələb etmək düzgün deyil. Ümid yalnız "Qarabağ"adır". Qurban Qurbanovun yaxşı heyəti var. Onlar bizlər daha çox sevindirə bilər. Mümkün qədər avrokuboklarda daha çox oynamaqla yenidən qrup mərhələsinin həyəcanını yaşaya bilərik. Ağdam təmsilçisinə dəstək olmaq lazımdır. Onlar üçün bu il ötənilkindən çətin olacaq. Artıq Avropa "Qarabağ"ı tanıyır və onlara qarşı ciddi hazırlaşır".
Yeni mövsüm çempionatın səviyyəsinə gəldikdə veteran futbolçu bu barədə danışmağın hələ tez olduğunu dedi: "Yeni mövsüm haqda indi fikir söyləmək düzgün olmaz. Klublarımızdan istedadlı gənclərə şans verəcəyini gözləyirik. Son illər gənclərə lazımi diqqət ayrılmayıb. Buna görə yeni mövsümdə daha çox yerli futbolçuların meydanda olacağına ümid edirik. Premyer Liqada iştirak edəcək klublara gəldikdə məndə "Bakı" ilə bağlı məlumat yoxdur. İstərdim ki, "Bakı" da yüksək dəstədə oynasın. Lakin regionları unutmaq olmaz".
