11 iyul 2015 16:00
Subaşiç: Çukariçki hazırda Serbiyanın iki ən yaxşı komandasından biridir
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç "Qəbələ"nin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi - Serbiya "Çukariçki"si barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən bu klubda oynamamışam. Amma bazaları mənim evimə yaxındır. Bu gün "Çukariçki" "Partizan"la bərabər Serbiyanın ən yaxşı komandalarından biri hesab olunur. Amma "Qəbələ"nin də bu komandanı keçmək şansı var. Sadəcə, yaxşı oynamaq lazımdır. Bu cütlük mənim üçün də maraqlıdır. Lakin növbəti mərhələyə kimin vəsiqə qazanacağı məlum deyil. Bu, futboldur, hər şey ola bilər. "Qəbələ" cavab oyununda əlindən gələni etməli olacaq. Yalnız belə olan halda "Qəbələ" ev oyununda uğura ümid edə bilər".
