Mirhüseyn Seyidov: İnter daha da artırmalıdır, əks halda islandları keçə bilməyəcəyik
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirdikləri cavab oyunundan (0:0, ilk oyun 1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun barədə nə deyə bilərsiniz?
- Çətin oyun oldu. Hava çox isti idi. Bu da meydanda hərəkəti çətinləşdirirdi. Komanda cəmi iki həftədir bir araya gəlmişdi. Ola bilsin ki, yaxşı oyun sərgiləmədik. Amma əsas nəticə idi ki, ona da nail olduq. Şadam ki, mərhələni keçən tərəf biz olduq. Artıq növbəti rəqiblə oyuna hazırlaşmalıyıq.
- İlk oyunda daha yaxşı çıxış etmişdiniz, ya Bakıdakı görüşdə?
- Bakıda daha yaxşı oynadıq. Orada zəif çıxış etmişdik. Burada daha çox top saxlaya bildik, daha çox hücum qurduq. Ən əsası da qol buraxmadıq.
- Növbəti rəqibiniz İslandiyanın "Hafnarfyordur" klubudur...
- Bu komanda artıq çox ciddi rəqibdir. Başqa cür gözləyə də bilmərik. Çünki mərhələ adladıqca, rəqib də çətinləşir. Amma bizim komanda da yeni futbolçularla güclənir. Bu, bizim işimizi asanlaşdıra bilər.
- "İnter"dən növbəti mərhələdə daha yaxşı oyun gözləyə bilərik?
- Daha yaxşı oynamağa borcluyuq. Ən əsası isə öz oyunumuzu tapmağımız lazımdır. Düzdür, bunun üçün zamana ehtiyac var. Amma bizim elə də çox vaxtımız yoxdur.
- Razısınız ki, bu oyunla İslandiya klubunu keçmək çətin olacaq?
- Razıyam. Daha da artırmağımıza ehtiyac var. Əks halda üçüncü təsnifat mərhələsinə adlamaya bilərik.
- Klub prezidenti oyundan sonra sizə mükafat söz vermədi?
- Xeyr. Bu barədə heç söhbət də olmadı. Klub heç də yaxşı günlərini keçirmir. Klub prezidenti sadəcə, bizə təşəkkürünü bildirdi.
