"Qəbələnin stadionunun bağlanması üçün heç bir əsas yoxdur"
UEFA hakim-inspektoru Asim Xudiyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Qəbələ" - "Dinamo" (Tiflis, Gürcüstan) matçında baş verən olaylara görə Qəbələ şəhər stadionunda avrokubok matçının keçirilməsinə qadağa qoyulmasının mümkünlüyünə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Dinamo" UEFA-ya şikayət etsə, bu, qitə futbol qurumunun diqqətindən kənarda qalmayacaq. Arenanın və ya azarkeşlər üçün tribunaların bağlanması çox sərt cəza olar. Çünki azarkeşlər tərəfindən oyunun gedişatına təsir göstərəcək heç bir hərəkət olmayıb. Meydana heç nə atmayıblar. Hakim azarkeşlərə görə oyunu dayandırmayıb. Bu üzdən də arenanın diskvalifikasiya olunması üçün heç bir səbəb görmürəm. Böyük ehtimalla, UEFA sadəcə, kluba tövsiyyə xarakterli məktub göndərəcək. Çünki klubumuz ilk dəfədir belə bir halla üzləşdir. Həmçinin "Qəbələ"yə bundan sonrakı oyunlarda təhlükəsizliyi daha da gücləndirmək məsləhət görüləcək".
