Fariz Nəcəfov: Dinamo rəhbərliyi ilə UEFA-ya şikayətlə bağlı söhbətimiz olacaq
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflis "Dinamo"su ilə cavab oyununda baş verən hadisələrə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ötən gün stadionda açılan bannerlər bizi çox narahat edir. Təhlükəsizlik orqanları ilə görüşdüm, onlardan günahkarların tapılmasını xahiş etdim. Belə təxribatlara yol vermək olmaz. "Dinamo" rəhbərliyi UEFA-ya müraciət etmək istəyir? Biz onlarla bu barədə danışacağıq. Burada bizim klubun günahı yoxdur. Çünki həmin bannerləri klubumuzun fan-klubunun üzvləri açmayıblar. Əksinə, biz həmin şəxslərin tapılmasında və cəzalanmasında maraqlıyıq. Hər bir ölkənin bayrağına, atributlarına hörmətlə yanaşmaq lazımdır, necə ki, biz özümüz də başqalarından bunu tələb edirik. Tiflisdəki oyunda baş verən təxribatlar gürcü xalqının mövqeyi deyildi. Tolerant olmaq lazım idi".
