Nika Kvekveskiri: Georgi Nikolova heyran qaldım, o, Azərbaycan patriotudur
"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri Avorpa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirdikləri cavab oyunundan (0:0, ilk oyun 1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyun barədə nə deyə bilərsiniz?
- Çətin oyun oldu. Birinci hissədə üstünlük bizdə idi. Təəssüf ki, qol vurmaq bizə nəsib olmadı. Halbuki, bunun üçün yüzfaizli vəziyyətlərimiz də oldu. Onların ən azı birindən yararlana bilsəydik, "Laçi"yə qalib də gələ bilərdik. İkinci hissədə isə bir qədər zəif çıxış etdik. "İnter" yeni komandadır. Həm də hazırlıq üçün vaxtımız az idi.
- Yəni, geriyə çəkilməyiniz taktiki gediş deyildi?
- Daha çox fiziki yorğunluğun təsiri oldu. Ona görə də üstünlüyü rəqibə verdik. Əks-hücumlarda oynamağa çalışırdıq. Baxmayaraq ki, son dəqiqələrdə yalnız qol buraxmamaq haqda düşünürdük. "İnter"in futbolçularını qəhrəman hesab edirəm.
- Bundan sonra sizdən nə gözləyək?
- Bizim oyunumuzda inkişaf olacaq. Bu, heç də ən yaxşı oyunumuz deyil. Zamanla daha yaxşı oynayacağıq.
- Artıq bir həftə sonra sizi növbəti oyun gözləyir. Hazır ola biləcəksiniz?
- İndi bunu müzakirə etmək çətindir. Bizə yeni futbolçular da qoşulacaq. Onların müəyyən təcrübəsi var.
- Siz nə vaxtsa klub prezidentinin birinci təsnifat mərhələsini keçdikdən sonra ölkənin milli bayrağı ilə stadionda dövrə vurduğunu görmüşdünüz?
- (gülür) Belə bir şeyi heç vaxt görməmişdim. Mən ona sadəcə, heyran qaldım. Georgi Nikolov Azərbaycanın patriotudur. O, futbolu, "İnter"i çox sevir. Ona hörmətim böyükdür. Biz təkcə Azərbaycan üçün yox, həm də bu insan üçün oynayacağıq. Ümid edirəm ki, biz azərbaycanlı futbolsevərlərin ümidlərini doğrultduq. Bu uğurun davamını növbəti mərhələdə də gətirməyə çalışacağıq.
