Sergey Zenyov: Qəbələ Dinamodan daha yaxşı oynadı və heç bir şans vermədi
"Qəbələ"nin estoniyalı legioneri Sergey Zenyov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" klubuna qarşı keçirdikləri cavab matçından (2:0, ilk oyun – 1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyun barədə fikirləriniz...
- Çətin oyun oldu. Qələbə qazanmağa borclu idik. Şadam ki, istəyimizə nail olduq.
- İlk qolun müəllifi siz oldunuz...
- Top uzun müddət qapıya daxil olmaq istəmirdi. Amma əsas odur ki, biz sonadək bununla barışmadıq və mübarizəmizi davam etdirdik. Qələbə qazanacağımıza inanırdıq.
- Bu gün yaxşı oynadığınızı düşünürsünüz?
- Bəli, biz bu gün rəqibdən daha yaxşı çıxış etdik. Birinci hissədə daha yaxşı oynadıq. Amma bütövlükdə, "Dinamo"ya heç bir şans vermədik.
- "Qəbələ"dən növbəti mərhələdə hansı nəticəni gözləyək?
- Hər şeyin yaxşı olacağına inanırıq. Meydanda əlimizdən gələni edəcəyik ki, uğur əldə edək.
