Dinamonun prezidenti: Bizi hər iki oyunda 10 nəfərlə oynamağa məcbur etdilər
Gürcüstanın "Dinamo" klubunun prezidenti Roman Pipiya Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:2 hesabıyla uduzduqları matçla (ilk oyun 2:1) bağlı bunları söyləyib:
"Dinamo" hər iki oyunda azlıqda qaldı. Daha nədən danışım? Bizi on nəfərlə oynamağa məcbur etdilər. Siz bunu normal hesab edirsiniz?
Həmin epizodlarla bağlı siz jurnalistlər də sözünüzü deməlisiniz. Onlara baxın, sonra fikrinizi bildirərsiniz. Mən hakimlik barədə danışmaq istəmirəm. Amma hərdən belə olur. Demirəm ki, hakimlər meydan sahiblərinə simpatiya bəsləyirdilər. Lakin on nəfərə qarşı oynamaq çox asandır. Üstəlik, bizim qol vurduğumuz epizod da oldu, hakimlər onu saymadılar. Orada əllə oyun olduğuna şübhə edirəm. Fikrimcə, təmiz qol idi. Həmin qolu da saymadılarsa, daha hakimlər barədə nədən danışmaq lazım olduğunu bilmirəm. Həmin epizodun təkrarına baxın".
