Rauf Əliyev: Belə bir kollektivlə mərhələ adlamaq böyük uğurdur
"İnter"in hücumçusu Rauf Əliyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirdikləri cavab oyunundan (0:0, ilk oyun 1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyun barədə nə deyə bilərsiniz?
- Maraqlı oyun alındı. Qol buraxmamağa nail olduq. Ən vacib olan da bu idi. Birinci oyundakı qollu heç-heçə sayəsində mərhələ keçməyə nail olduq. Komandamız yenidir. Amma buna baxmayaraq, mərhələ keçməyə nail olduq.
- Bu, uğurdur?
- Rəqibin kimliyindən asılı olmayaraq, bizim indiki vəziyyətimizi nəzərə alsaq, bəli, bu, uğurdur. İndiki "İnter" 14 günün komandasıdır. İki həftə ərzində nə etmək olardı ki? Amma biz mərhələ keçməyi bacardıq.
- Oyununuzdan razısınız?
- Əlbəttə, daha yaxşı oynamağımız lazımdır. Amma uşaqlar meydanda sonadək mübarizə apardılar. Əminəm ki, zamanla hər şey daha yaxşı olacaq.
- Böyük ehtimalla ikinci təsnifat mərhələsində İslandiyanın "Hafnarfyordur" klubu ilə qarşılaşacaqsınız...
- Bu komandanı hələ "Neftçi"nin onlara qalib gəldiyi dövrdən tanıyıram. Hazırlaşacağıq. Onlar "Laçi"dən güclüdürlər. Bu isə o deməkdir ki, bizə daha da çətin olacaq.
- "İnter"ə keçəndə avrokuboklardan sonra komandanı tərk etməyinizin mümkünlüyünü dilə gətirmişdiniz...
- Hazırda "İnter"i tərk etmək üçün hansısa səbəb görmürəm. Hələ hər şey normaldır. Ümid edirəm ki, burada qalacağam.
