Səlahət Ağayev: Laçiyə səfərdə oynadığını hiss etdirə biləcək dəstəyə ehtiyacımız var
"İnter"in qapıçısı Səlahət Ağayev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "İnter" son dövrlər az qala hər gün bir futbolçu alır. Bu, komandada necə qarşılanır?
- Komanda güclənir. Hər şey yaxşıya doğru dəyişməkdədir. Biz buna ancaq sevinə bilərik. Ümid edirəm ki, Avropa Liqasında da mərhələ keçəcəyik və yeni futbolçular bizə kömək edəcəklər. "Laçi" ilə ilk oyunda yalnız iki mövqedə keçmiş futbolçular çıxış edirdilər, qalanları hamısı yeni gələnlər idi.
- Komanda daha tez bir araya gələ bilsəydi, "Laçi"yə səfərdə qalib gələ bilərdiniz?
- Hər şey ola bilərdi. Mövsümün sonunda klubumuzun adı ətrafında çoxlu söhbətlər dolaşırdı. Guya ümumiyyətlə klub dağılacaq. İndi isə hər şey yaxşılığa doğru gedir.
- Hər şey yaxşıdırsa, niyə futbolçularla altı aylıq müqavilələr imzalanır?
- Klub rəhbərliyinin altı aylıq komanda yaratdığını düşünmürəm. Yəqin ki, bu, klubun maliyyə durumu ilə bağlı olan məsələdir. Hər halda sonra müqavilənin müddətini artırmaq problem deyil.
- Püşkatmadan sonra sizdən çox az adam uğur gözləyirdi. Bəs cavab oyunundan nə gözləyək?
- İlk oyunda qollu heç-heçəyə nail olsaq da, rəqibimiz çox güclüdür. "Laçi"nin bu qədər güclü olacağını düşünmürdük. Çox sürətli hücumlar qururlar.
- Yəqin ki, rəqibin zəif cəhətlərini də öyrənmisiniz...
- Təbii ki, biz artıq rəqibin zəif cəhətlərindən yararlanmaq barədə düşünmüşük. Qolsuz heç-heçə bizi növbəti mərhələyə çıxaracaq. Amma bu, heç də asan olmayacaq. Üstünlüyümüz olmasına baxmayaraq, şanslar bərabərdir.
- Komandanız müdafiə futbolu sərgiləyəcək?
- Xeyr, daha çox hücum etməyə, birinci qol vurmağa çalışacağıq. Bizə yaxşı dəstək də lazımdır. Rəqibimiz səfərdə oynadığını hiss etməlidir. İndiki zamanda komandamızın dəstəyə çox ehtiyacı var.
- İlk oyundakı sərfəli nəticədən sonra növbəti mərhələdəki potensial rəqiblərinizin necə oynadığı ilə maraqlandınız?
- Sadəcə, "Hafnarfyordur"un (İslandiya) SJK-ya (Finlandiya) səfərdə 1:0 hesabıyla qalib gəlib. Amma biz hələ öncə albanları keçmək barədə düşünməliyik. Ondan sonrakı mərhələdə kiminlə qarşılaşmağımız isə xüsusi önəm kəsb etmir.
