Aleksandr İaşvili: Qəbələ kimi komandaya qarşı müdafiədən oynamaq olmaz
Gürcüstanın "Dinamo" (Tiflis) klubunun yarımmüdafiəçisi Aleksandr İaşvilinin Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı cavab oyunu öncəsi azerisport.az saytına müsahibəsi
- Cavab görüşündən nə gözləyirsiniz?
- "Qəbələ" çox güclü komandadır. İLk matç da göstərdi ki, rəqib çox ciddi futbol oynayır. Amma biz də nəyə qadir olduğumuzu göstərməyə çalışacağıq. Daha diqqətli oynayan komanda qalib gələcək.
- Siz vaxtilə "İnter"in futbolçusu kimi "Qəbələ"yə qarşı oynamısınız. Bu barədə "Dinamo"nun futbolçularına danışmısınız?
- "İnter"də az vaxt keçirməmişəm. Bəzi futbolçularla hələ də əlaqəm var. "Qəbələ"də də yaxşı münasibətim olan futbolçular var. Amma meydanda olan bu münasibətləri bir kənara qoymalı oluruq. Hər iki komanda növbəti mərhələyə yüksəlmək istəyir. Fikrimcə, futbol həvəskarları maraqlı oyunun şahidi olacaqlar.
- Qolsuz heç-heçə də sizi növbəti mərhələyə çıxara bilər. Müdafiədən oynayacaqsınız?
- Heç bir halda. Biz bu barədə düşünmürük. Bizim öz oyun üslubumuz var. Ona görə də müdafiədə oturmaq barədə düşünmürük. Dediyiniz kimi oynasaq, məğlubiyyət qaçılmaz olar. "Qəbələ" kimi komanda ilə oyunda 90 dəqiqə müdafiədə oturmaq olmaz.
- İlk oyunda meydana sonradan çıxsanız da, komandanıza faydalı oldunuz. Cavab matçında necə olacaq?
- Bilmirəm. Buna baş məşqçi qərar verəcək. Kimi hazır hesab edirsə, o da meydanda olacaq.
