Vüqar Nadirov: Avrokubok oyunlarını kənardan izləmək ağırdır
"Xəzər Lənkəran"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
- Hazırlığınız necə gedir?
- Hər şey öz qaydasındadır. Hələlik, fiziki hazırlığa üstünlük veririk. Səhərlər fiziki məşqlər edirik, axşamlar topla çalışırıq.
- Komandaya alışa bilmisiniz?
- Komandaya uyğunlaşmaq baxımından heç bir problemim yoxdur.
- Yunis Hüseynovla əvvəllər də çalışmısınız. Yəqin ki, o, sizə güvənir. Əsas heyətdə möhkəmlənə biləcəksiniz?
- Allah eləsin. Hələ heç nə məlum deyil. Yəqin ki, sağ cinahda oynayacağam. Yunis Hüseynovla bu barədə söhbətimiz olub. O da belə istəyir. "Karvan"da da hücumameylli sağ cinah yarımmüdafiəçisi kimi oynayırdım.
- Komandaya yeni hücumçular gəlib. Sizcə, Ante Mitroviçlə Rafael Karletti "Xəzər Lənkəran"da qalacaq?
- Biz bu işlərə qarışmırıq. Hər şeyə baş məşqçi qərar verir.
- Avropa Liqasındakı təmsilçilərimizin çıxışı sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Klublarımızın hamısının növbəti mərhələyə adlamasını istəyərdim. Onlara uğurlar arzulayıram. "İnter"də yer alan oyunçuların hamısı futbol oynamağı bacarırlar. Əksəriyyəti təcrübəli futbolçulardır. "Qəbələ"yəgəlincə, komandada çoxlu dəyişiklik oldu. Mümkündür ki, hələ anlaşma səviyyəsi yaxşı deyil.
- Sizcə, "Qarabağ" Çernoqoriya "Rudar"ını keçə biləcək?
- "Qarabağ"a uğurlar arzulayıram. Bu, xalqın komandasıdır. Mən də onlara azarkeşlik edəcəyəm. Fikrimcə, "Qarabağ" növbəti mərhələyə adlayacaq. Amma komanda arxayınlaşmamalıdır.
- Avrokubokları kənardan izləmək necədir?
- Əlbəttə, ağırdır. Amma nə etmək olar? Qismət. Bu il alınmadı.
